Mərkəzi Bank və bankların marketinq nümayəndələri arasında görüş keçirilib

Əlavə edilib:

17 yanvar 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketinq və PR üzrə” Ekspert Qrupu, bankların marketinq nümayəndələri və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələri arasında görüş keçirilib.

Görüş cari ilin fevral ayından etibarən Mərkəzi Bank tərəfindən təşkil ediləcək “Kartla ödə, kartla qazan” adlı tirajlı stimullaşdırıcı lotereyanın banklarla kommunikasiyası ilə əlaqədar keçirilib. Belə ki, əhalinin rəqəmsal ödənişlərə marağının artırılması məqsədilə keçirləcək lotoreyanın şərtlərinin daha geniş kütləyə çatdırılması üçün bankların dəstək vermə formaları müzakirə edilib.

Bankların marketinq nümayəndələri ilə müzakirə zamanı lotoreyanın ilk visual posteri, sloqanı-təbliğat materialları təqdim edilib. Təqdimatdan sonra marketinq nümayəndələrinin təklifləri dinlənilib və suallar cavablandırılıb.

Qeyd edək ki, fevral ayından etibarən Mərkəzi Bank tərəfindən təşkil ediləcək “Kartla ödə, kartla qazan” adlı tirajlı stimullaşdırıcı lotoreya bütün Azərbaycanı əhatə edəcək, korporativ və istifadəçisi eyniləşdirilməyən kartlardan başqa bütün kart sahiblərinə şamil ediləcək və yalnız POS-terminallarda ödəniş edən zaman iştirak haqqı qazanılacaq. Bu kampaniya respublikada rəqəmsal ödənişlərin təşviqinə yönəldilmiş ilk vahid kampaniyadır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT