Mərkəzi Bankda həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair memorandum imzalanmışdır

Əlavə edilib:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə, həmçinin “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda makroiqtisadi tənzimləmə institutları, eləcə də maliyyə-bank sektorunun qarşısında qoyduğu mühüm tapşırıqların, o cümlədən real sektorun kreditləşməsinin aktivləşdirilməsi, xüsusən rayon və kənd yerlərində maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, regionların maliyyə inklüzivliyinin gücləndirilməsi, güzəştli kreditlərin artırılması və daha çox kiçik və orta sahibkarlığın inkişafına yönəldilməsi və digər isiqamətlərə dair vəzifələrin icrası ilə bağlı fəal iş aparılır, maliyyə-bank sektoru ölkədə gedən inkişaf proseslərində aktiv rol oynayır.

Həmin çağırış və tapşırıqlardan biri kimi 11 mart 2020-ci il tarixində ölkə Prezidentinin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanmışdır.

Tərəflər özünüməşğulluq proqramı çərçivəsində ölkənin sosial-iqtisadi inkişafında əhalinin daha fəal iştirakını təmin etmək, əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, məcburi köçkünlərin, habelə işsiz və işaxtaran şəxslərin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, mikro, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq və sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək göstərmək məqsədi ilə həyata keçirilən həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair razılığa gəlmişlər.

Tədbirdə özünüməşğulluq proqramına Dünya Bankı tərəfindən də maliyyə və texniki dəstəyin göstəriləcəyi vurğulanaraq bildirilmişdir ki, ölkədə fəaliyyət göstərən banklar könüllülük, humanizm prinsipləri əsasında proqramda iştirak edəcək, bu Memorandum üzrə tədbirləri əvəzsiz olaraq maliyyələşdirəcək, eyni zamanda iştirakçıların müxtəlif maliyyə-bank alətlərinə çıxışı dəstəklənəcəkdir. Vurğulanmışdır ki, banklar özünüməşğulluq proqramına aktiv dəstək verməklə həm də özlərinin gələcək biznes bazasını formalaşdırırlar.

Qeyd olunmuşdur ki, bərabərlik, şəffaflıq və qanunçuluq prinsipləri əsasında əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə, habelə işsiz və işaxtaran şəxslərə məsləhət və məlumatların verilməsi, iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi, biznes-planın hazırlanmasında yardım edilməsi, natura şəklində material, avadanlıq və digər əmlakın 2 il müddətinə müqavilə əsasında əvəzsiz olaraq bu şəxslərin istifadəsinə verilməsi, bu müddət ərzində monitorinqlərin aparılması, müxtəlif maliyyə-bank alətləri ilə inkişafının dəstəklənməsi istiqamətlərində özünüməşğulluğun təşkilinə köməklik göstəriləcəkdir.

Bildirilmişdir ki, Memoranduma uyğun olaraq bank sektorunun sosial məsuliyyət göstərərək öz vəsaitləri hesabına iştirakının təşviq edilməsi ilə yanaşı tərəflərin, eləcə də Dövlət Məşğulluq Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, iştirakçı bankların nümayəndələrindən ibarət Əlaqələndirmə qrupunun yaradılması istiqamətində tədbirlər görüləcəkdir.

Vurğulanmışdır ki, maliyyə-bank sektorunun proqramda iştirakı çərçivəsində əsasən xidmət və istehsalat sahələri önə çəkilməklə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə, o cümlədən əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə, habelə işsiz və işaxtaran kimi qeydiyyatda olan şəxslərə üstünlük verilməsi təşviq ediləcəkdir.

MÜDDƏT