“Polşa və Azərbaycan İnnovativ Maliyyə” adlı vebinar keçirilib

Əlavə edilib:

27 iyun 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA), Azərbaycan Fintex Assosiasiyasının (AzFina), Fintex Polşa şirkətinin və Polşa Respublikasının Bakıdakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq “Polşa və Azərbaycan İnnovativ Maliyyə” adlı vebinar keçirilib.

Polşa səfirliyinin siyasi və iqtisadi sektorunun birinci müşaviri Bartoş Musialoviçin açılış nitqi ilə başlayan vebinar, daha sonra Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbovun və Fintex Polşanın baş icraçı direktoru Pavel Vidavskinin giriş sözləri ilə davam edib.

Vebinarda ABA-nın icraçı direktoru Yunus Abdulovun “Azərbaycanın bank sektorunun cari vəziyyətinə baxış” adlı təqdimatı baş tutub. Eyni zamanda AzFina-nın icraçı direktoru Azər Əkbərov “Azərbaycan fintex sənayəsinə baxış və əsas qaydaların təqdimatına dair” təqdimatla çıxış edib.

İki saat ərzində baş tutan vebinar hər iki ölkənin aparıcı fintex şirkətlərinin rəhbər şəxslərinin, nümayəndələrinin, həmçinin ekspertlərinin təqdimatları ilə davam edib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Əlavə edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının Virtual Təhsil Platforması (edu.e-cbar.az) fəaliyyət göstərir. Platformaya iqtisadiyyat, bank-maliyyə sahəsində bilik və bacarıqların əldə edilməsini dəstəkləyən 40-dan çox ödənişsiz kurs yerləşdirilib. Virtual təhsil platfomasının interaktiv multimedia resurslarından istifadə etməklə, istənilən yerdə və istənilən zaman peşəkarlıq səviyyəsini təkmilləşdirmək mümkündür.

MÜDDƏT