Qeyri-işlək aktivlərin restrukturizasiyası ilə bağlı “Bakı yanaşması” hazırlanır

Əlavə edilib:

8 dekabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Yapı Kredi Bank Azərbaycanın təşkilatçılığı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və bankların səlahiyyətli nümayəndələri arasında görüş keçirilib. Görüşdə qeyri-işlək aktivlərin (QİA) idarə edilməsi üzrə “Bakı yanaşması”nın hüquqi mexanizmlərinin yaradılması məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov “Maliyyə xidmətlərinin inkişafına dair Starteji Yol Xəritəsi”ndə QİA-nın idarə edilməsi üzrə hüquqi mexanizmlərin yaradılması istiqamətində tədbirlərin nəzərdə tutulduğunu və bu məqsədlə Palata tərəfindən bankların iştirakı ilə mövcud beynəlxalq praktikaya uyğun sənədin hazırlanmasının zəruriliyi və ölkə iqtisadiyyatına, o cümlədən bank sektoruna verə biləcəyi faydalardan danışıb.

“Qeyri-işlək aktivlərin idarə edilməsi üzrə hüquqi mexanizmlərin yaradılması” ilə bağlı təqdimatla çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquqi təminat idarəsinin rəisi Nurlan Babayev Palata tərəfindən sözügedən istiqamətdə müsbət beynəlxalq praktikanın araşdırıldığını, “London, İstanbul və Varşava yanaşmaları”nın tədqiq edildiyini və bu sənədlər əsasında Azərbaycan bank sektorunun və real iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla “Bakı yanaşması”nın hazırlanmasının əhəmiyyətini vurğulayıb. Nurlan Babayev, həmçinin “Bakı yanaşması” modelinin məqsədi və əsas komponentləri – koordinasiya katibliyi, arbitraj heyəti və kreditorlar komitəsi, eləcə də hüquqi çərçivənin formalaşdırılması üçün razılaşdırılmalı olan məsələlər barədə geniş məlumat verib.

Görüş bankların və Palata nümayəndələrinin mövzu ətrafında müzakirələri ilə davam edib, sonda QİA-nın idarə edilməsi üzrə hüquqi mexanizmlərin formalaşdırılması məqsədilə könüllülük əsasında prosesə qoşulacaq bankaların müəyyənləşdirilməsi və həmin bankların səlahiyyətli nümayəndələri və Palata nümayəndələrindən ibarət işçi qrupunun yaradılmasına qərar verilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

MÜDDƏT