“Risklərin idarə edilməsi üzrə” Ekspert Qrupunun iclası keçirilib

Əlavə edilib:

15 aprel 2019-cu il tarixində “Risklərin idarə edilməsi üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilmişdir.

İclasda Müşahidə Şurasının aidiyyatı şəxslərlə əqdlərə dair qərarları, aktivlərin təsnifləşdiirlməsi və kreditləşmə üzrə yeni qaydalardan irəli gələn bir sıra vacib məqamlar haqqında geniş müzakirələr edilmiş və önəmli fikirlər səslənmişdir.

Ekspert Qrupu ölkədə nağdsız hesablaşmaların inkişafı və şəffaflığın artırılması istiqamətində görülən mühüm işlərin davamı kimi, ölkədaxili qarantiyaların banklar tərəfindən verilməsi zamanı risklərin daha yaxşı idarəedilməsi, nəzarətin gücləndirilməsi və s məsələlərin əhəmiyyətini vurğuladı. Bununla bərabər, bu istiqamətdə işlərin koordinasiyası və təkmilləşdirilməsi məqsədi ilə Kredit Bürosuna müraciət edilməsinin zəruriliyi qeyd edildi. Qrupun üzvü olan bir sıra bankların nümayəndələrindən Azərbaycan Kredit Bürosunun növbəti iclasında bu məsələnin həlli imkanlarının dəyərləndirilməsi xahiş olundu.

Bundan əlavə, xüsusi əhəmiyyət daşıyan iri borcalanlar üzrə bank sektorunda məcmu borclanmanın artmasının gələcəkdə yarada biləcəyi risklər danışıldı. Bununla bağlı, Avropa Birliyi, ABŞ, Rusiya, Hindistan və Belarus kimi ölkələrin təcrübələri müzakirə edildi. Bu borcların məqbul səviyyədə olması iqtisadi böhranlar zamanı bank sektoruna dəyə biləcək zəncirvari zərərin minimumlaşdırılması baxımından vacib olması qeyd edildi. Bununla bərabər, Ekspert qrupunun üzvlərinə növbəti iclasa kimi bu risklərin dərindən öyrənilməsi və ölkəmizə uyğunlaşdırılmış təkliflərin irəli sürülməsi tapşırıldı.

Həmçinin xarici banklarda nostro hesablar (xüsusi ilə xarici bankın törəməsinin ana bankda və ya törəmə bankda olan vəsaitlərinə təminatın tələb edilməsi), aidiyyəti şəxslərə verilən kreditlər və bir çox məsələlər müzakirə edilmişdir. Eyni zamanda gələcəkdə risk mütəxəssislərinin yetişdirilməsi sahəsində təlimlərin keçirilməsi fikri  qrup üzvləri tərəfindən irəli sürülmüşdür.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT