Tamerlan Rüstəmov: “Son üç il ilə müqayisədə təmassız ödəniş kartlarının sayı 7.7 dəfə artmışdır”

Məlum olduğu kimi, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin birgə dəstəyi ilə 24-25 noyabr tarixlərində “VI Beynəlxalq Bankçılıq Forum”u keçirildi. Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq devizi altında keçirilən bu forumda “Ödənişlər: asanlıqdan super sürətli və super maneəsizə doğru” adlı rəqəmsal ödəniş ekosisteminə həsr edilən panel hər bir kəsin diqqətini cəlb etmişdir.   

Bu paneldə “Bank of Baku” ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini və  Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri olaraq rəqəmsal ödəniş ekosistemi üzrə həyata keçirilən ishalatlar və gələcək gözləntilərə aid təqdimatınızla bağlı suallarımıza cavab tapmaq istərdik.

Rəqəmsal ödəniş ekosistemində dinamik inkişaf edən ödəniş kartları bazarı üzrə əldə olunan nailiyyətləri statistik rəqəmlərlə necə ifadə etmək olar?

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 1 noyabr tarixinə açıqlanan rəsmi göstəricilərə nəzər salsaq ölkədə emissiya edilən ödəniş kartlarının ümumi sayı 12.9 mln. ədəd təşkil edir. Bu isə hər bir nəfərə 1.3 ədəd ödəniş kartının düşməsi deməkdir. Müqayisə üçün bu göstərici Gürcüstanda 2, Estoniyada 1.5, təşkil edir.

Son 3 il ərzində debet kartlarının sayı 1.7 dəfə artaraq 11.2 mln. ədəd, kredit kartlarının sayı isə 2.2 dəfə artaraq 1.69 mln. ədəd təşkil etmişdir. Debet kartlarında sosial kartların payının çox olmasına baxmayaraq əsas artım adi debet kartlarda olmuşdur – təxminən 3 dəfə artaraq 5 mln. ədəd təşkil etmişdir.

Təmassız ödəniş kartlarının artımında kütləvilik hiss edilir. Son üç il ilə müqayisədə təmassız ödəniş kartlarının sayı 7.7 dəfə artmışdır. Hazırda emissiya edilmiş ümumi ödəniş kartlarının təxminən 70% təmassız ödəniş kartlarıdır.

Ödəniş kartları ilə nağdsız əməliyyat dövriyyəsi cari il ərzində 42.2% təşkil etmişdir. Açıqlanan məlumata əsasən oktyabr ayı üzrə bu göstərici ən pik səviyyəyə çatmış və 79% təşkil etmişdir. Son üç il ərzində nağd dövriyyə 1.9 dəfə artığı halda, nağdsız dövriyyə isə 5.3 dəfə artmışdır.

Ödəniş kartları ilə aparılan əməliyyatlar sırasında elektron ticarət daha sürətlə genişlənir. Ölkə üzrə elektron ticarət əməliyyatlarının ümumi dövriyyəsi son üç il ərzində 5.4 dəfə artaraq 14.1 mlrd. təşkil etmişdir. Sentyabr ayı üzrə elektron ticarət əməliyyatları ölkədə ilk dəfə rekord həcmdə 1.75 mlrd. manat olmuşdur. Müqayisə edilən dövrdə debet kartları ilə elektron ticarət əməliyyatları üzrə dövriyyə 6.3 dəfə, kredit kartları üzrə isə 2.9 dəfə artıb.

Ödəniş kartlarının istifadə aktivliyinə nəzər yetirsək, əgər 2019-cu ilin ilk 10 ayı ərzində 1 ədəd debet kartla ölkə daxilində POS-terminal və elektron ticarətdə 7 əməliyyat aparılıbsa, cari ilin göstəricilərinə əsasən bu 28 ədəd təşkil edir. Kredit kartları üzrə bu göstərici 13 ədəddən 28 ədədə yüksəlmişdir.

Hazırki mərhələdə ödəniş kartları bazarında hansı islahatların aparılmasını zəruri hesab edirsiniz?

İlk öncə qeyd edilməlidir ki, Mərkəzi Bank tərəfindən cari ilin 4 fevral tarixində “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın təsdiq edilməsi ilə məsafədən bank hesablarının açılması üzrə tələblərin təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması bank sistemində rəqəmsal transformasiyanın daha dərindən nüfuz etməsi baxımından mühüm rol oynadı.

Hazırki mərhələdə maliyyə inkluzivliyinin genişləndirilməsi, bankların əməliyyat xərclərinin aşağı salınması, habelə rəqabətə davamlı bank məhsul və xidmətlərin təqidm edilməsi məqsədilə debet və ya kredit ödəniş kartlarının rəqəmsal formada emissiya edilməsi təmin edilməlidir. Diqqət yetirsək hazırda, banklar tərəfindən əvvəlcədən ödənilmiş virtual ödəniş kartları emissiya edilir. Bu ödəniş kartları isə eyniləşdirmə tələblərinin daha yumşaq olması ilə yanaşı, saxlanılan pul vəsaiti məbləğinə tətbiq edilən məhdudiyyətlərlə fərqlənir. Debet və ya kredit ödəniş kartlarının rəqəmsal formada emissiya edilməsi ödəniş kartları bazarında yeni inkişaf mərhələsini müəyyən etməklə növbəti mərhələdə rəqəmsal bankçılığın tətbiq edilməsində mühüm rol oynayacaqdır. Bu əsasda mövcud qanunvericilik tələbləri bir daha nəzərdən keçirilməlidir. 

Əlavə olaraq, qeyd edilməlidir ki, ApplePay və GooglePay layihələri ödəniş kartı istifadəçilərinin ödəniş kartlarından fiziki istifadə asılılığının minimuma endirilməsini təmin edir. Təhlillərə əsasən ay ərzində bu texnologiyalar üzərində təxminən 2 mln. ədəd ödəniş əməliyyatı icra edilir. Hər iki texnologiyanın tətbiqi zamanı ödəniş kartı fiziki formada istifadə edilmir, ödəniş əməliyyarları isə mobil telefon, qol saatı kimi vasitələrlə həyata keçirilir.

Növbəti addım isə ödəniş kartı üzərində rekvizitlərə dair tələblərə bir daha yenidən baxılması, ödəniş kartı nömrəsinin kart üzərində əks olunmaması ola bilər. Burada ən mühüm amil, ödəniş kartı nömrəsinin hər hansi bir formada kart istifadəçisinə əlçatan olmasıdır. Hazırda hər birimiz müştərisi olduğumuz bankların mobil bankçılıq xidməti vasitəsilə ödəniş kartı rekvizitlərini əldə edə bilərik. Məhz bunu nəzərə alaraq müştərinin istəyi əsasında ödəniş kartı üzərində kart nömrəsi olmadan emissiya eidlə bilər. Bu həmçinin elektron ticarətdə baş verə biləcək fırıldaqçılıq hallarına qarşı mübarizə aləti ola bilər.

Bankların mobil bankçılıq xidmətlərinin ödəniş kartı ilə aparılan hər bir əməliyyata dair geniş məlumat təqdim etməsini, kart istifadəçilərinin SMS məlumatlandırma xidmətinə qoşulmasını nəzərə alaraq ödəniş terminallarında aparılan əməliyyatlar üzrə kart istifadəçisinin razılığı ilə qəbzin təqdim edilməməsi məsələsinə baxılmalıdır. Qəbz almayan kart istifadəçisi sonradan ödəniş əməliyyatın mübahisələndirmək üçün zəruri məlumatı mobil bankçılıq vasitəsilə əldə edə bilər. Həmçinin bu məlumat banka sorğu da edilə bilər.

Ödəniş kartları sahəsində təkmilləşmə işlərinin aparılmasını zəruri edən sahələrdən biri də korporativ kartlardır. Bu ödəniş kartlarının fərdi sahibkarlara təqdim edilməsi şərtlərinə və onunla aparılan əməliyyatlar üzrə tələblər bir daha baxılmalıdır.

Forum zamanı rəsmilərin çıxışlarından məlum oldu ki, həmmüəlliflərdən biri olduğunuz “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsi hazırda aidiyyəti dövlət qurumları ilə müzakirə edilir. Qanun layihəsi rəqəmsal ödəniş ekosisteminn gələcək inkişafında, innovativ həll və texnologiyaların tətbiqinin genişlənməsində mühüm rol oynayacaqdır.

Növbəti illərdə bank sistemində rəqəmsal transformasiyanın daha da dərinləşməsi və maliyyə inkluzivliyinin genişlənməsi baxımından əlavə hansı tədbirlər görülə bilər?

Aparılan təhlillər və elmi araşdırmalar onu deməyə əsas verir ki, bir sıra hallarda neo-bank, virtual bank olaraq adlandırılan rəqəmsal banklar haqqında qanunvericilik bazasının formalaşdırılması bank sisteminin rəqabətə davamlılığının artırılması və qabaqcıl trendlər nəzərə alınmaqla inkişaf etdirilməsi istiqamətində mühüm addım ola bilər.

Maliyyə bazarları inkişaf etmiş Sinqapur, İngiltərə, Honk-Konq kimi dövlətlərlə yanaşı, artıq Türkiyə, Gürcüstanda da bu təcrübəyə rast gəlinir.

Rəqəmsal bank – yalnız rəqəmsal texnologiya və həllərin tətbiqi əsasında yalnız məsafədən fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə digər bank xidmtələrini məcmu halda həyata keçirən hüquqi şəxsdir.

Rəqəmsal bankın müəyyən edilməsi üçün bankın bir hüquqi ünvana malik olması tələbi müəyyən edilməlidir. Bu hüquqi ünvanda isə bank xidmətləri göstərilməməlidir. Dövlət qeydiyyatına alınma məhz bu ünvan üzrə aparıla bilər.

Rəqəmsal bankın biznes planı bank məhsul və xidmətlərinin təqdim edilməsində, bankdaxili əməliyyat prosesinin təşkilində və digər sahələrdə rəqəmsal həllərin tətbiqini müfəssəl əks etdirməlidir. Həmçinin rəqəmsal bank tərəfindən fəaliyyətin dayandırılması zamanı atılacaq addımları əks etdirən fəaliyyət strategiyası (plan) işlənib hazırlanmalıdır.

Ümumilikdə rəqəmsal bankların lisenziyalaşdırılması, fəaliyyətinin təşkili, məhsul və xidmətlərin göstərilməsi üzrə ümumi tələbləri müəyyən edən yeni qanunveriiclik bazasının formalaşdırılması bank sisteminin rəqabətə dayanıqlı fəaliyyətini təmin etməklə yanaşı, rəqəmsal transformasiyanın üstnülüklərindən tam əsasda yararlanmağa, bank xidmətlərinin coğrafi regiondan asılı olmayaraq hər bir şəxs üçün əlçatan olmasına imkan verəcəkdir.

“Bank of Baku” ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini və  Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmov

MÜDDƏT