Unibank-ın rəqəmsal bölməsinin rəhbəri Səttar Kazımov: “Əlçatanlıq rəqəmsallaşmanın qızıl qaydasıdır”

Əlavə edilib:

Banklar və Biznes onlayn nəşri BBN.az-ın Unibank-ın rəqəmsal bölməsinin rəhbəri Səttar Kazımov ilə müsahibəsi.

Səttar bəy, nəşr adından öncəliklə komandanızı Markswebb agentliyinin Azərbaycanın ən rahat mobil bankçılıq tətbiqi araşdırmasında TOP 3-ə daxil olduğuna görə təbrik edirik. Rəhbərlik etdiyiniz dijital komanda uğura necə nail olub?

İlk olaraq təşəkkür edirəm. Ölkədə rəqəmsal sferanın inkişafına illərdir töhfə vermək bizim üçün sevindiricidir. Burada əsas məqamlardan biri də məhz komanda ruhu, komanda işidir. Komandamızın üzvləri eyni zamanda ailə üzvlərimizdir demək olar. Bu isə uğurun əsas sirlərindən biridir, deyə bilərəm. Eyni zamanda IT sahəsindəki həmkarlarımızın da bu yolda bizimlə birgə olması şübhəsiz ki, nəticəsini göstərir.

Oktyabrın 17-də “Mobile Banking Day Baku” konfransında həmkarlarınız ilə birgə müzakirə etdiyiniz məsələlərdən biri də yeni bankçılıq məhsullarına əlçatanlıq ilə bağlı idi. Orada qeyd edilən fikirlərdən biri bu idi ki, biz yeni məhsul ərsəyə gətirmək xatirinə məhsul hazırlamamalıyıq. Bazara faydasını, məhsulun gələcək effektivliyini ölçməliyik. Bu fikirlərin davamı olaraq nə deyə bilərsiniz?

Təbii ki, səsləndirilən fikirlər təcrübənin və müştəri “feedback”lərinin nəticəsidir. Əlçatanlıq – rəqəmsallaşmanın qızıl qaydasıdır. Hər yeni məhsul, müştəri üçün dəyər qatmalıdır, hər hansısa işini rahatlaşdırmalıdır. Təkrar məhsullar eyni funksional ayrı ad altında müştəriyə qısa müddət ərzində maraqlı ola bilər. Bu səbəbdən müştəriləri dinləmək, onların istəklərini bilmək və buradan yola çıxıb yeni məhsul yaradılması daha məqsədəuyğundur.

Bank sferasında çalışan bir çox TOP menecerlər bu fikirdədirlər ki, rəqəmsal bankçılıq məhsulları yaşlı nəsil üçün kifayət qədər sadə və anlaşılan olmalıdır. Bu fikirdən yola çıxaraq yaşlı nəsli yeni rəqəmsal məhsullardan istifadəsində necə motivasiya etmək olar?

Bu barədə deyilən fikirlər təkcə yaşlı üçün deyil, eyni zamanda bütün istifadəçilər üçün keçərlidir. Çünki istifadəçi təcrübəsi (UX) bugünkü dövrdə həyati önəm daşıyır. İstifadəçi təcrübəsindən yola çıxaraq, rəqəmsal məhsulların istifadəsini düzgün formada, “user friendly” və çoxluğun vərdiş etdiyi formada həyata keçirmək daha uyğun sayıla bilər.

Rəqəmsal bu gün ən sürətlə inkişaf edən sahələrdəndir və kompaniyalar da bu sahədən şirkətlərinin inkişafı üçün istifadə edir. Unibank rəqəmsala investisiyaları hansı həcmdə davam etdirməyi düşünür?

Unibank-ın strateji hədəflərində ilk sırada məhz — Bazarda “Ən yaxşı Rəqəmsal və İnnovativ Bank” olmaq durur. Bu isə öz növbəsində bankın rəqəmsal sahəyə investisiyada nə qədər maraqlı olduğunun bariz göstəricisidir. Eyni zamanda investisiya da özlüyündə düşünülmüş plan üzrə həyata keçirilir. Təsadüfi deyil ki, Unibank-ın rəqəmsal məhsulu olan Leobank 1 ildir fəaliyyət göstəməsinə baxmayaraq yüzminlərlə müştərini özünə cəlb edə bilib.

Son olaraq, oktyabrın 21-də Prezident İlham Əliyev tərəfindən yeni yaradılan “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin” Nizamnaməsi təsdiq edilib. Rəqəmsal sferada uzun illər təcrübəsi olan peşəkar kimi agentliyin sektora gələcək faydasını necə qiymətləndirərdiniz?

Yaradılmış agentliyinin əsasnaməsində qeyd edilən bir çox faktorlar, o cümlədən yüksək texnologiyalar parklarının fəaliyyətinin təşkili, biometrik texnologiyaların yaradılması, ölkənin bütün yaşayış məntəqələrində əhalinin keyfiyyətli və etibarlı telekommunikasiya və genişzolaqlı internet xidmətləri ilə təmin olunması kimi önəmli faktorlar nəzərə alınıb. Təbii ki, bu qərarlar əhalinin region və mərkəzlərdə texnologiya ilə yaxından əlaqə qurmasına, o cümlədən rəqəmsal məhsullardan istifadə edən istifadəçilərin də sayının artmasına, texnologiyanın daha da yayılmasına kömək edəcək və nağdsız dövriyyənin də artmasına bilavasitə səbəb olacaq.

                                                                                                                                    Təşəkkür edirik!

MÜDDƏT