“Yaşıl Marafon 2022” ağacəkmə kampaniyası çərçivəsində növbəti aksiya keçirilib

Əlavə edilib:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə növbəti ağacəkmə aksiyası bu gün Müşfiqabad qəsəbəsində keçirilib.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən maliyyə Assosiasiyaları – Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının və üzvlərinin rəhbərliyi, kollektivi qoşulub. Qeyd edək ki, bu tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə adıçəkilən Assosiasiyalar arasında ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığa dair 22 fevral 2022-ci il tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir. Ümumilikdə maliyyə sektorunu təmsil edən Assosiasiyaların üzvlərinin təqdim etdiyi vəsait hesabına Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən 51.4 hektar ərazidə əkiləcək ağaclar üçün damcılı suvarma sisteminin qurulması nəzərdə tutulur.

Aksiya zamanı 8 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 6000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən kampaniya zamanı ölkənin müxtəlif regionlarında yaz-payız əkin mövsümləri müddətində kütləvi ağacəkmə aksiyalarının keçirilməsi, yaşıllıq sahələrinin artırılması nəzərdə tutulub.

Qeyd edək ki, builki “Yaşıl Marafon” çərçivəsində Azərbaycanda, xüsusən də Abşeron yarımadasında yaşıl dəhlizlərin yaradılması, mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə ağacların əkilməsi planlaşdırılır ki, bu xüsusda yamaclarda terraslar hazırlanacaq, ağacların əhatəsi təbii sutoplayıcı formaya salınacaq və yağış sularının ağacların suvarılmasına yönəldilməsi mümkün olacaq. Bununla, torpaq eroziyasının qarşısı alınacaq, torpağın hava, su keçiriciliyi və münbitliyi artacaq, nəticədə daha yüksək bitiş faizi əldə ediləcək, eləcə də həmin sahələrdə suvarma suyuna qənaət edilmiş olacaq.

Bununla yanaşı, kampaniya ölkənin açıq meşə fondu torpaqlarında 1000 hektar ərazidə yaz və payız əkin mövsümləri müddətində meşəcinsli ağacların əkilməsi, toxumların səpilməsi və meşə bərpa tədbirlərinin keçirilməsini nəzərdə tutur.

Layihənin əsas məqsədi yaşıllıq sahələrinin azalması fonunda yarana biləcək təhlükələrin qarşısını almaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirilməyə töhfə verməkdən ibarətdir. 

Kütləvi ağacəkmələr, eyni zamanda, iqlim dəyişikliyinə səbəb olan istixana qazı tullantılarının azaldılmasına nail olmaqla bağlı qlobal fəaliyyətlərə dəstək xarakteri daşıyır.

Ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan IDEA İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti Planetimizin mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak etməyə çağırır.

Sözügedən tədbirin videogörüntülərinə baxmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz;


MÜDDƏT