Zakir Nuriyev Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” tədbirində çıxış edib – Foto

Əlavə edilib:

28 iyun 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Şuşa şəhərində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutan “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbirin “İşğaldan azad edilmiş ərazilərdə güzəşt və azadolmalar, dəstək tədbirləri” panelində çıxış edib.

ABA prezidentinin sözlərinə əsasən hazırda işğaldan azad edilmiş ərazilərdə dörd bank filialı fəaliyyət göstərir və bu ilin sonuna qədər isə Xankəndində və Cəbrayılda ümumilikdə daha 2 filialın açılması planlaşdırılır.

Onun sözlərinə əsasən 2024-cü ilin aprel ayının sonuna Qarabağ iqtisadi rayonu üzrə verilən kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 21.4% artaraq 430 mln. manata çatıb:

“Bu kreditlərin 93%-ni uzunmüddətli kreditlər təşkil etməkdədir. Həmçinin banklar burada bərpa-quruculuq işləri həyata keçirən şirkətlərin də maliyyə ehtiyaclarının ödənilməsində dəstəklərini davam etdirirlər”, – deyə Zakir Nuriyev əlavə edib.

ABA prezidenti qeyd edib ki, Sahibkarlığın İnkişafı Fondunun “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində 500 milyon manat kreditə 450 milyon manat dövlət zəmanətinin verilməsi nəzərdə tutulur: “Eyni zamanda 10%-lik subsidiya dəstəyi də nəzərdə tutulur. Düşünürəm ki, bu, ilk faza üçün böyük töhfə verəcək bir addımdır”.

Zakir Nuriyev əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin inkişafı üçün maliyyələşmə və bank infrastrukturu sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilməsində bank icmasının dəstəyi davam etdiriləcək.

Qeyd edək ki, 27-28 iyun tarixlərində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şuşa və Ağdamda 100-dən çox biznes nümayəndəsinin iştirakı ilə “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilib. Tədbirin təşkilində məqsəd sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarının və biznes perspektivlərinin təqdim edilməsi, dövlət-özəl əməkdaşlığı modeli üzrə müzakirələrin təşkili olub.

MÜDDƏT