“Pandemiya şəraitində kredit təşkilatlarının işinin xüsusiyyətləri” mövzusunda videokonfrans keçirilib

Əlavə edilib:

12 may 2020-ci il tarixində Avrasiya Əməkdaşlığı Maliyyə-Biznes Assosiasiyasının İdarə Heyətinin üzv ölkələri və digər ölkələrin nümayəndələrinin iştirakı ilə “Pandemiya şəraitində kredit təşkilatlarının işinin xüsusiyyətləri” mövzusunda videokonfrans keçirilib. Müzakirə predmeti olaraq işçilərin məsafəli işinin təşkili, distant komandaların formalaşdırılması, bank müştərilərinə xidmət üçün metod və proseslərin dəyişdirilməsi, əsas bank əməliyyatlarının təşkili, onların fasiləsizliyi və təhlükəsizliyinin təmin edilməsi sahəsində bankların fəaliyyət istiqamətləri seçilib. Eyni zamanda, bankların tənzimləyici ilə qarşılıqlı əlaqəsi mövzusunda təcrübə mübadiləsi aparılıb, universal karantin şəraitində ticarət və ixrac maliyyələşdirməsinin xüsusiyyətləri müzakirə edilib.

Videokonfransda Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev də çıxış edərək ölkədə görülən genişmiqyaslı işlərdən danışıb. O qeyd edib ki, bank sektorunun dəstəklənməsi üçün dövlət büdcəsindən 1,5 milyard manat vəsait ayrılıb. Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrin dəstəklənməsi üçün nəzərdə tutulan ümumi paketin həcmi 3.5 milyard manat təşkil edir. Zakir Nuriyev çıxışında vurğulayıb ki, pandemiyanın davam etməsi bankların kredit portfelinə müəyyən neqativ təsirlər göstərə bilər. Zakir Nuriyevin sözlərinə görə problemli kreditlərin artması tendensiyası var. Amma bank sektorunun kapitallaşma və likvidlik səviyyəsi kifayət qədər yüksəkdir. Bununla yanaşı, ölkənin strateji valyuta ehtiyatları, eyni zamanda Mərkəzi Bankın resursları kifayət qədərdir. Bunlar isə öz növbəsində, yaranmış vəziyyətdən daha az itkilərlə çıxmağa ümid verir. Banklar Mərkəzi Bankın tövsiyyələrinə,  eləcə də öz təşəbbüslərinə əsasən kreditləri yenidən restrukturizasiya edir, cərimələr və dəbbə ödənişlərinin tutulmamasını nəzərdən keçirir, müştərilərin kredit tarixçələrini pisləşdirmirlər.

MÜDDƏT