“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun görüşü keçirilib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” növbəti dəfə şam yeməyində bir araya gəlib.

Şam yeməyinin rəsmi hissəsində qrupun fəaliyyət istiqaməti  ilə bağlı müzakirələr aparılmış, yarımillik fəaliyyətlə bağlı hesabat dinlənilmiş, həmçinin aktiv fəaliyyət göstərən Ekspert Qrupun üzvləri təşəkkürnamə ilə təltif olunmuşdur.

Nəzərinizə çatdıraq ki, cari ilin 6 ayı ərzində Ekspert Qrupu daxilində 8, əlaqədar dövlət qurumları ilə 12 görüş keçirilmişdir. Həyata keçirilən tədbirlər əsasında bankların rəqəmsal ödəniş ekosistemində üzləşdiyi bir sıra xərclərin optimallaşdırılması təmin edilmişdir. İlk yarımil ərzində qrup üzvləri üçün xarici ekspertlərin iştirakı ilə silsiləli vebinarlar təşkil olunmuşdur.

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” ABA-nın tərkibindəki 12 ekspert qrupundan biridir. Ekspert Qrupunda ödəniş sistemləri və onların təhlükəsizliyi, alternativ xidmət kanalları (internet bankçılıq, mobil bankçılıq, bankomat, və s.) ilə işin təşkili, rəqəmsal ödənişlərdə innovativ həllərin tətbiqinin genişləndirilməsi, rəqəmsal ödəniş ekosistemində bankların qarşılaşdıqları problemlərin və digər əlaqədar məsələlərin müzakirə edilməsi, qeyd olunan istiqamətdə beynəlxalq təcrübənin, qabaqcıl ölkələrin innovativ yanaşmalarının öyrənilməsi, müvafiq qurumlara ünvanlanacaq əsaslandırılmış təkliflərin hazırlanması, həmçinin normativ-hüquqi bazanın təkmilləşdirilməsində iştirak və təkliflərin irəli sürülməsi, rəqəmsal ödənişlərlə bağlı bankların xərclərinin təhlili və optimallaşdırmalarının aparılması, bu sahələrdə banklararası razılaşmaların mümkünlüyünün müzakirəsi və digər bu qəbildən olan fəaliyyətlər həyata keçirilir.

Qeyd edilməlidir ki, Eksert Qrupu aktiv fəaliyyətinə görə ötən il ən fəal qrup kimi təltif edilmişdir.

MÜDDƏT