ABA-nın prezidenti Zakir Nuriyev “Heydər Əliyev və Azərbaycan Sahibkarlığının İnkişafı” mövzusunda keçirilən konfransda çıxış edib

Əlavə edilib:

25 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə “Heydər Əliyev və Azərbaycan Sahibkarlığının İnkişafı” mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib ki, müasir Azərbaycanın banisi və müstəqilliyimizin qurucusu olan ümummilli lider Heydər Əliyevin sahibkarlığın, xüsusilə, bank sektorunun inkişafında da rolu əvəzedilməzdir: “Son illərdə Azərbaycanda əksər sahələrdə olduğu kimi bank sektorunda da rəqəmsallaşma baxımından böyük bir yol qət edilmişdir. Bu gün həm say, həm kredit portfeli cəhətdən özəl bankların sektordakı payı daha üstündür. Hazırda bank sektoru sürətli inkişaf strategiyasını davam etdirməkdədir. Bu tendensiya özünü həm kəmiyyət, həm keyfiyyət göstəricilərində, həm də rəqəmsal transformasiyada və requlyativ çərçivəni beynəlxalq tələblərə uyğun daha da təkmilləşdirilməsində göstərməkdədir.”

ABA-nın prezidenti əlavə edib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində maliyyə sektorunun rəqəmsallaşmasına yönələn addımlar və hazırlanmaqda olan digər proqram və layihələr də növbəti illərdə bu inkişafın öz sürətini qorumasına imkan verəcəkdir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir.

MÜDDƏT