ABA prezidenti Zakir Nuriyev “Azərbaycan – Türkiyə Fintex Forumu”nda çıxış edib

Əlavə edilib:

“Son illərdə sıçrayışlı inkişaf sərgiləyən rəqəmsal maliyyə xidmətləri, o cümlədən fintex ekosistemi əminəm ki, indi olduğu kimi bundan sonra da böyük əhəmiyyət kəsb edən müzakirə mövzusu olacaq”.

Bu sözləri bu gün, yəni 06 sentyabr 2023-cü il tarixində təşkil edilən “Azərbaycan – Türkiyə Fintex Forumu”nda çıxışında Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

Onun sözlərinə əsasən ilin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 53%-ni təşkil edib: “Cari ilin iyul ayında ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə artıb”, – deyə ABA prezidenti sözlərinə əlavə edib.

Zakir Nuriyev bildirib ki, maliyyə bazarlarının inkişaf etdirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi məqsədilə ölkə başçısının rəhbərliyi altında son dövrlərdə Mərkəzi Bank tərəfindən həyata keçirilən ardıcıl islahatlar bütün ekosistem iştirakçılarının diqqət mərkəzindədir:

“Ölkə başçısının müvafiq fərmanı ilə təsdiqlənmiş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun qəbul edilməsi rəqəmsal ödəniş ekosisteminin gələcək inkişafı və rəqabət qabiliyyətinin daha da artırılmasında mühüm rol oynayacaq. Bu qanunun qəbulu ilə banklar və fintexlər arasında əməkdaşlıq istiqamətləri yeni mərhələyə keçir. Qanun banklarla fintexlər arasında qarşılıqlı əlaqələrin daha da şaxələnməsi ilə “hörümçək toru” prinsipi əsasında rəqəmsal ödəniş ekosisteminin təhlükəsiz və effektiv inkişafını təmin edəcək. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda da rəqəmsal ödəniş ekosisteminə aid mühüm dəyişikliklər öz əksini tapıb”, – deyə Zakir Nuriyev çıxışında qeyd edib.

Əlavə edək ki, Forum çərçivəsində “Azərbaycan – Türkiyə Fintex ekosistemi”, “Fintex xidmət kimi” iş modeli, “Fintex üçün Banklar”, “Fintex iş modelləri, texnoloji həllər”, “Türkiyə və Azərbaycan ödəniş xidmətləri Qanunvericilik”, “Buy now, Pay Later” iş modeli panellərində qeyd edilən istiqamətlərdə aktual müzakirələr aparılıb.

MÜDDƏT