“Green Banking for Azerbaijan: Navigating ESG & COP29” təlimi keçirilmişdir – Foto

Əlavə edilib:

19-20 oktyabr 2024-cü il tarixlərində Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABFTC) təşkilatçılığı və “Grant Thornton” şirkətinin dəstəyi ilə BƏƏ ekspertlərinin təqdimatında “Green Banking for Azerbaijan: Navigating ESG & COP29” təlimi baş tutmuşdur.

Məlum olduğu kimi, ABFTC tərəfindən bank əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində təlimlər keçirilməkdədir. Belə təlimlərin davamı olaraq təşkil olunan tədbirin əsas məqsədi son dövrlərdə olduqca aktual məsələlərdən biri olan ESİ (ekoloji, sosial və idarəetmə) və dayanıqlı bankçılıqdır.

İki günlük baş tutan təlimin ilk hissəsində qısa COP tarixçəsi, onun əhəmiyyəti və bank sektorunun gələcək ESİ strategiyasına təsiri mövzularına toxunulmuşdur. Təlimin ikinci hissəsi ESİ çərçivələri və standartları, strategiyalar, çərçivələr, idarəetmə, hesabatlar və ölçülər daxil olmaqla ESİ/Davamlılıq yanaşmalarının hazırlanması, həmçinin IFRS S1 və S2 üzrə dərin təhlil, scope-ların hesablanması, ESİ-nin bankların risk idarəetmə çərçivələrinə inteqrasiyası kimi mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

Təlimin sonuncu hissəsi isə karbon izinin azaldılması və Net Zero, banklarda ESİ reytinqi və skorinqinin tətbiqi yanaşmaları, müxtəlif ESİ hesabat standartları arasında əsas fərqlər, müştərilər və təchizatçılar vasitəsilə dayanıqlı maliyyə üzrə dərin təhlil, həmçinin ESİ məlumatlarının toplanması zamanı bankların üzləşdiyi çətinliklər və potensial həllər mövzuları ilə əhatələnmişdir.

İştirakçılar təlimlə bərabər komandalara bölünərək, müxtəlif tapşırıqları da yerinə yetirərək, mövzu ilə əlaqədar daha praktik biliklərə də yiyələnmişdirlər.

Təlimçilər qismində Kabir Dhawan və Gouban Gopal çıxış etmiş, iştirakçıların suallarını cavablamışlar.

Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-ə yaxın mövzu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

Əlavə edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının Virtual Təhsil Platforması (edu.e-cbar.az) fəaliyyət göstərir. Platformaya iqtisadiyyat, bank-maliyyə sahəsində bilik və bacarıqların əldə edilməsini dəstəkləyən 40-dan çox ödənişsiz kurs yerləşdirilib. Virtual təhsil platfomasının interaktiv multimedia resurslarından istifadə etməklə, istənilən yerdə və istənilən zaman peşəkarlıq səviyyəsini təkmilləşdirmək mümkündür.

MÜDDƏT