31 oktyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Sahibkarlığın İnkişafı Fondunun (SİF) təşkilatçılığı ilə “İşğaldan azad edilmiş ərazilərdə dəstək mexanizmləri” mövzusunda onlayn görüş keçirilib.
Görüşdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsinin, müvəkkil kredit təşkilatlarının, ABA-nın və SİF-in nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər.
ABA-nın icraçı direktoru Yunus Abdulov çıxışında qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyətinin bərpasına dəstək, həm dövlət, eləcə də bank sektoru üçün prioritet məsələlərdən biridir: “Belə ki, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramı”nda “Geri qayıdacaq əhali üçün bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanını genişləndirmək məqsədilə regionda maliyyə institutlarının fəaliyyətinin bərpası istiqamətində tədbirlər görülməsi” tədbiri çərçivəsində banklar Mərkəzi Bankla birlikdə müxtəlif istiqamətlərdə işlərə başlamışdır. Bu məqsədlə banklarla müxtəlif proqnozlar – köçürüləcək əhali sayı və bərpa ediləcək bizneslərlə bağlı gözləntilər paylaşılmışdır. Banklar da bu gözləntilər çərçivəsində hazırladıqları ilkin planları, eləcə də təkliflərini İşçi Qrupuna təqdim etmişdirlər”.
Onlayn görüş çərçivəsində işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən atılan addımlar, tətbiq edilən güzəştlər və qaydalar barədə ətraflı məlumat verilib. Bununla yanaşı, SİF tərəfindən həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlara təqdim edilən güzəştli kredit və zəmanət-subsidiya mexanizmlərinin şərtləri izah edilib.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.