Bankda çalışmaq istəyənlər üçün karyera fürsəti!

Əlavə edilib:

Azərbaycanda fəaliyyət göstərən bankların birgə təlim mərkəzi rolunda çıxış edən Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ömürboyu Təhsil Mərkəzinin birgə pilot layihəsi çərçivəsində “Bankın kredit mütəxəssisi” Sertifikasiya Proqramına start verilmişdir.

Bu proqram bank sektorunda peşəkar karyera qurmaq istəyənlər üçün nəzərdə tutulub. Proqram çərçivəsində kredit sisteminin əsasları, kredit işinin təşkili, borcalanların maliyyə vəziyyətinin təhlili, risklərin düzgün qiymətləndirilməsi, kreditlərin səmərəli idarə olunması, Mərkəzi Bankın kreditləşmə qaydaları, eləcə də kredit məhsullarının satışı üzrə praktiki bilik və bacarıqlar əldə edəcəksiniz. Təcrübəyə əsaslanan bu proqram sizi bank sektorunda rəqabətədavamlı mütəxəssisə çevirəcəkdir.

ABFTC bankların ortaq təlim mərkəzi olduğu üçün ABFTC tərəfindən proqramı uğurla başa vuran şəxslərin banklarda işlə təmin olunması istiqamətində dəstək göstəriləcəkdir. Belə ki, uğur sertifikatı əldə edən iştirakçıların məlumatları banklara təqdim olunacaq və onların işə qəbul üçün nəzərdən keçirilməsi təmin ediləcəkdir.

Eyni zamanda, təlimlər çərçivəsində bankların rəhbər şəxslərinin iştirakı ilə “master-klass”ların keçirilməsi nəzərdə tutulur. Bu isə iştirakçıların təlim müddətində rəhbərlər tərəfindən dəyərləndirilməsinə və perspektivli namizədlərin işə cəlb olunmasına əlavə imkan yaradacaqdır.

Proqramın pilot layihəsi çərçivəsində seçiləcək ilk 15 namizəd üçün 2 aylıq böyük təlim prosesi tam ödənişsiz olacaqdır. Namizədlərə qarşı tələblər aşağıdakılardır:

  • UNEC IV kurs tələbələri və məzunları
  • Ali təhsili təsdiq edən diplomun olması (iqtisadiyyat, maliyyə və əlaqədar sahələr üzrə olan təhsil üstünlük təşkil edir);
  • Azərbaycan dilinin mükəmməl bilinməsi;
  • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
  • Əla ünsiyyət bacarıqlarının olması;
  • Bank müştərilərinə məhsullar haqqında ətraflı məlumat vermək və biznes yerlərində satış üzrə proseslərdə aktiv iştiraka marağının olması;
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

Yerində satış prosesləri və işin xüsussiyyətləri nəzərə alınaraq, pilot layihə bəy namizədlər üçün nəzərdə tutulur. Lakin layihəni davamında xanımlara daha uyğun proqramlar da elan ediləcəkdir.

Pilot layihə, təlimlər, işə qəbul prosesində veriləcək dəstək, eləcə də iştirakçıları maraqlandıracaq, istənilən sualın cavablandırılması üçün Qeydiyyat üçün lifelongunec@gmail.com  mail adresi və 050 365 31 44 nömrə ilə əlaqə saxlayın.

“Bankın kredit mütəxəssisi” Sertifikasiya Proqramı üzrə müraciət edən iştirakçılar arasında seçim turu mart ayında, təlimlər isə aprel ayında başlayacaqdır. Proqramı uğurla bitirən namizədlərin banklarda işə qəbul prosesinə isə iyun ayından etibarən dəstək veriləcəkdir.

Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.

MÜDDƏT