3 aprel 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Pekin şəhərində “Bank of Beijing” rəhbərliyi ilə işgüzar görüş keçirib.
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABMTM) təşkilatçılığı ilə baş tutan tədbirdə ABA-nın baş iqtisadçısı və ABMTM-in direktoru Əzizağa Haxverdiyev, eləcə də Azərbaycan bank sektorunun nümayəndələri iştirak ediblər. “Bank of Beijing” tərəfindən isə görüşə bankın biznes və pərakəndə (retail) sahələrinə məsul rəhbər şəxslər qatılıblar.
Görüşün əsas müzakirə mövzusu bankçılıq proseslərinin rəqəmsal transformasiyası və müasir kreditləşmə modelləri olub.
Müzakirə olunan əsas istiqamətlər:
Rəqəmsal Kreditləşmə: Kredit qərarlarının qəbulunu dəstəkləyən analitik sistemlər və proseslərin tam rəqəmsallaşdırılması;
Elektron Onboarding: Müştərilərin məsafədən qəbulu və identifikasiyası mexanizmləri üzrə Çin təcrübəsi;
Məhsul Dizaynı: Kredit məhsullarının hazırlanmasında müasir metodologiyalar və müştəri seqmentləşdirilməsi modelləri;
İnnovativ Həllər: Kredit təşkilatlarının fəaliyyət səmərəliliyinin artırılması ilə bağlı digər aktual məsələlər.
Görüş çərçivəsində tərəflər rəqəmsal maliyyə xidmətləri sahəsində gələcək əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılığa gəliblər.
