6–7 iyun 2026-cı il tarixlərində Shamakhi Palace Sharadil Hotel-də bank sektoru nümayəndələri üçün “Kredit qərarlarının verilməsi simulyasiyası” adlı praktiki təlim proqramı keçirildi.
Təlimin əsas məqsədi iştirakçıların kredit qərarlarının qəbulu, risklərin qiymətləndirilməsi və komanda şəklində qərarvermə bacarıqlarının inkişaf etdirilməsi olmuşdur.
Proqram çərçivəsində iştirakçılar 6 mürəkkəb kreditləşmə hadisəsi üzrə simulyasiyalarda iştirak etmiş, yaradılmış kredit komitələri müxtəlif maliyyə və risk amillərini nəzərə alaraq qərarlar qəbul etmişlər. Qəbul olunan qərarlar ekspertlər tərəfindən təhlil edilərək iştirakçılarla müzakirə olunmuşdur.
Türkiyədən dəvət olunmuş təlimçilər kredit risklərinin idarə edilməsi və kredit komitələrinin fəaliyyəti üzrə beynəlxalq təcrübələri iştirakçılarla bölüşmüş, Azərbaycan və Türkiyə bankçılıq təcrübələri arasında müqayisəli müzakirələr aparılmışdır.
İnteraktiv formatda keçirilən proqram iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və kredit qərarlarının verilməsi prosesində praktik yanaşmaların mənimsənilməsinə töhfə vermişdir.
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi maliyyə sektorunda çalışan mütəxəssislərin peşəkar inkişafına töhfə verən innovativ və tətbiqyönümlü təlim proqramlarının təşkilini gələcəkdə də davam etdirəcəkdir.
Qeyd edək ki, ABFTC 2000-ci ildə Avropa Birliyinin təşəbbüsü ilə yaradılmış və Azərbaycan Banklar Assosiasiyası-nın törəmə müəssisəsidir. Mərkəz indiyədək 260-dan çox mövzu üzrə 2 600-dən artıq təlim kursu təşkil etmiş və 38 000-dən çox dinləyicinin iştirakını təmin etmişdir.

