17 iyun 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov Somali Banklar Assosiasiyasının nümayəndələri ilə görüş keçiriblər.
Görüş zamanı Azərbaycan bank sektorunun inkişaf tendensiyaları, maliyyə sektorunda həyata keçirilən islahatlar, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
ABA rəhbərliyi tərəfindən bildirilib ki, Azərbaycanın bank sektoru son illərdə dayanıqlı artım və rəqəmsal transformasiya mərhələsini uğurla davam etdirir. Bank aktivləri, kredit portfeli və depozitlər üzrə müşahidə olunan müsbət dinamika, həmçinin nağdsız ödənişlərin genişlənməsi və rəqəmsal maliyyə xidmətlərinin inkişafı sektorun dayanıqlığını və rəqabət qabiliyyətini daha da gücləndirir.
Görüşdə həmçinin qeyd olunub ki, ölkədə İslam maliyyəsinin tətbiqi istiqamətində həyata keçirilən qanunvericilik və institusional islahatlar alternativ maliyyə məhsullarının inkişafı üçün yeni imkanlar yaradır. Bu istiqamətdə görülən işlərin maliyyə inklüzivliyinin artırılmasına, investisiya mühitinin yaxşılaşdırılmasına və iqtisadi inkişafın dəstəklənməsinə mühüm töhfə verəcəyi vurğulanıb.
Tədbir çərçivəsində Somali Bankirlər Assosiasiyasının fəaliyyəti və Somali bank sektorunda son inkişaflara dair təqdimat keçirilib. Təqdimatda rəqəmsal maliyyə xidmətlərinin inkişafı, ödəniş infrastrukturunun genişləndirilməsi, maliyyə inklüzivliyinin artırılması və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat verilib.
Tərəflər bank sektorunun iqtisadi inkişafın dəstəklənməsində rolunu, qarşılıqlı təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

