Şəhid xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində görüş keçirilib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Sən Tək Deyilsən” layihəsi şəhid ailələrinin təhsilinə dəstək istiqamətində davam etdirilir.

Layihə çərçivəsində 2026/2027-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan şəhid xanımları və şəhid analarının təhsilinə dəstək göstərilməsi nəzərdə tutulub.

Cari tədris ilində ümumilikdə 21 şəhid ailəsi üzvü müxtəlif təhsil müəssisələrinə qəbul olub. Onlardan 19-u şəhid xanımı, 2-si isə şəhid anasıdır.

Qəbul olunanlar müxtəlif ali təhsil müəssisələrində biznesin idarə edilməsi, maliyyə, iqtisadiyyat, marketinq, sosial iş, menecment və idarəetmə, texnologiya müəllimliyi, ibtidai sinif müəllimliyi, informasiya texnologiyaları, mühasibat uçotu, aqronomluq və meşəçilik və digər ixtisaslar üzrə təhsil alacaqlar.

Qeyd edək ki, “Sən Tək Deyilsən” layihəsi çərçivəsində şəhid xanımlarının təhsilinə dəstək məqsədilə Azərbaycan Banklar Assosiasiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında 21 sentyabr 2023-cü il tarixində əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Layihənin əsas məqsədi şəhid ailələrinin sosial rifahına dəstək göstərmək, şəhid xanımlarının təhsil imkanlarının genişləndirilməsinə və onların peşəkar inkişafına töhfə verməkdir.

Azərbaycan Banklar Assosiasiyası şəhid ailələrinin təhsil və inkişaf imkanlarının dəstəklənməsinə yönəlmiş sosial layihələrdə iştirakını bundan sonra da davam etdirəcək.

MÜDDƏT