Azərbaycan Banklar Assosiasiyası PROGRESS layihəsinin Regional Koordinasiya Komitəsinin iclasında iştirak edib

Əlavə edilib:

5–6 oktyabr 2026-cı il tarixlərində Parisdə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Konfrans Mərkəzində PROGRESS (“Şərq Tərəfdaşlığı ölkələrində Yaşıl Saziş hazırlığının təşviqi”) layihəsinin Regional Koordinasiya Komitəsinin 3-cü iclası keçirilib. İclas çərçivəsində “Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində kənd təsərrüfatı sığortası və iqlimə uyğunlaşmanın maliyyələşdirilməsi” mövzusunda seminar da təşkil olunub.

Tədbirdə Azərbaycan Banklar Assosiasiyasını assosiasiyanın aparıcı iqtisadçısı Vüsal Həsənov təmsil edib.

Tədbirə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan nazirliklərin, sığorta və maliyyə qurumlarının, eləcə də layihə tərəfdaşlarının nümayəndələri qatılıblar. İclasda layihə çərçivəsində son illərdə görülən işlər, regionda iqlimə davamlı kənd təsərrüfatının inkişafı istiqamətində əldə olunan nəticələr və növbəti mərhələ üçün planlar müzakirə edilib.

OECD-nin təşkil etdiyi seminarda aqrar sığortanın fermerlərin artan iqlim risklərini idarə etməsində rolu, region ölkələrinin bu sahədəki təcrübəsi və siyasət yanaşmaları müzakirə olunub. Müzakirələrdə vurğulanıb ki, aqrar sığorta yalnız zərərlərin ödənilməsi aləti kimi deyil, daha geniş risk idarəetməsi və iqlimə uyğunlaşma tədbirlərinin tərkib hissəsi kimi daha effektiv nəticə verir.

Qeyd edək ki, PROGRESS layihəsi Almaniyanın Beynəlxalq İqlim Təşəbbüsü tərəfindən maliyyələşdirilir və GIZ tərəfindən həyata keçirilir. Layihə Şərq Tərəfdaşlığı ölkələrində iqlimə davamlı və yaşıl iqtisadi inkişafa keçidi dəstəkləyir.

MÜDDƏT