Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev ABB ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimovu 45 illik yubileyi münasibətilə təbrik edib.
Bu münasibətlə keçirilən görüşdə ABA-nın icraçı direktoru Yunus Abdulov, ABB-nin rəhbər heyəti, həmçinin ABA nəzdində fəaliyyət göstərən ekspert qruplarında rəhbər və üzv qismində təmsil olunan ABB əməkdaşları iştirak ediblər.
Zakir Nuriyev çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyası adından Abbas İbrahimovu yubileyi münasibətilə təbrik edərək, onun rəhbərliyi dövründə ABB-nin ölkənin bank sektorunda innovativ yanaşmaların tətbiqi, rəqəmsal transformasiya və müasir maliyyə xidmətlərinin inkişafı istiqamətində mühüm uğurlara imza atdığını bildirib.
Qeyd olunub ki, ABB-nin Azərbaycan Banklar Assosiasiyasının təşəbbüs və layihələrində daim fəal iştirak etməsi, Assosiasiya tərəfindən ünvanlanan müraciətlərə göstərilən diqqət və təşkil olunan tədbirlərə verilən dəstək yüksək qiymətləndirilir. Xüsusilə, ABA nəzdində fəaliyyət göstərən ekspert qruplarında ABB əməkdaşlarının fəal iştirakı və peşəkarlığı Assosiasiyanın fəaliyyətinin daha səmərəli təşkilinə və bank sektorunun inkişafına mühüm töhfələr verib.
Zakir Nuriyev Azərbaycan bank sektorunun inkişafına və institusional əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi davamlı dəstəyə görə Abbas İbrahimova təşəkkürünü ifadə edib və onun Azərbaycan bank sektorunun inkişafına töhfələrini yüksək qiymətləndirib.
Görüş səmimi fikir mübadiləsi şəraitində keçib, iştirakçılar tərəfindən Abbas İbrahimova yubileyi münasibətilə xoş arzular çatdırılıb və onun Azərbaycan bank sektorunun inkişafına verdiyi töhfələr xüsusi vurğulanıb.
