Mərkəzi Bankın təşəbbüsü və vəsaiti hesabına, ABA-nın nəzdində olmaqla, Biləsuvar şəhərində Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adını daşıyan “Biləsuvar məktəb-lisey kompleksi” (hazırda “Biləsuvar bağça-məktəb-lisey kompleksi”) təsis edilmişdir. Kompleks 18 oktyabr 2010-cu ildən fəaliyyət göstərir. 29 sentyabr 2010-cu il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti Biləsuvar şəhərindəki Lisey-Məktəb Kompleksinə Azərbaycanım Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adının verilməsi barədə qərar vermişdir.
Təhsil müəssisəsi öz fəaliyyətində şagirdlərə milli və bəşəri dəyərləri, vətəndaşlıq şüurunu aşılamaq, hər bir şagirdin şəxsiyyətini və yaradıcı potensialını inkişaf etdirmək, müstəqil həyata hazır intellektuallar yetişdirmək, liderlik keyfiyyətlərini təlqin etmək və s. kimi dəyərləri əsas götürür.
Ümumi sahəsi 1,3 hektar olan təhsil kompleksində müasir işıqlandırma, havalandırma, isitmə-soyutma sistemləri, su təmizləyici qurğular quraşdırılmışdır. Liseydə sinif otaqları (müəllimlər otağı, fənn kabinetləri, laboratoriyalar, kompüter zalı), idman və rəqs (ritmika) zalları fəaliyyət göstərir. Kompleksdə həmçinin müasir standartlara cavab verən internet şəbəkəsi ilə təchiz edilmiş kitabxana da fəaliyyət göstərir.
Təhsil sisteminin keyfiyyətini artırmaq məqsədi ilə liseydə bir sıra imtiyazlar tətbiq olunur. Bunlara, təhsilin ödənişsiz əsaslarla təşkilini, şagirdlərin lisey geyim forması ilə, gündə iki dəfə isti yeməklə pulsuz təminatını, aztəminatlı uşaqlara yardım məqsədi ilə xüsusi lisey fondunun mövcudluğunu, 5-40 kilometr məsafədə yaşayan şagird və müəllimlərin xüsusi avtobuslarla daşınmasını missal göstərmək olar.
Təhsil kompleksində şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə müxtəlif klublar, dərnəklər, idman seksiyaları, mahnı və rəqs ansamblı, lisey teatrı fəaliyyət göstərir. Liseydə bir neçə xarici dilin (İngilis, Fransız, Rus dilləri) öyrədilməsi əsas prioritetlərdən biridir.
Məzunların universitetlərə qəbulu istiqamətində də Liseyin çox böyük uğurları vardır.
Biləsuvar bağça-lisey-məktəb kompleksinin saytına keçid: www.bilim.edu.az