09 oktyabr 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti görüşü onlayn formatda keçirilmişdir.
Görüş çərçivəsində bank sektorunda daxili audit fəaliyyətinin tənzimlənməsi, standartların tətbiqi və peşəkar inkişafın təşviqi ilə bağlı mövzular müzakirə olunmuşdur.
İclasda ilk olaraq daxili auditorların işə qəbulu və vəzifədən azad edilməsi prosesi ilə bağlı məsələlərə toxunulmuş, müvafiq qanunvericiliyin tələblərinin tətbiqi zamanı yaranan praktiki çətinliklər ətrafında fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, “Banklarda korporativ idarəetmə Standartları”na əsasən, Müşahidə Şurası tərəfindən risklərin idarə edilməsi sisteminin effektivliyinin ən azı ildə bir dəfə qiymətləndirilməsi tələbinin icrası ilə bağlı məqamlar nəzərdən keçirilmişdir.
Bundan əlavə, IIA Azərbaycan institutun fəaliyyəti, yenilikləri və rəsmi internet səhifəsində mövcud olan peşəkar resurslardan istifadə imkanları barədə qısa məlumatlandırma sessiyası keçirilmişdir. İştirakçılara müxtəlif metodoloji materiallar, praktiki alətlər və şablonlar təqdim edilmiş, onların gündəlik daxili audit fəaliyyətində tətbiqi imkanları müzakirə olunmuşdur. Yekunda resurslara çıxışın asanlaşdırılması məqsədilə süni intellekt əsaslı axtarış alətinin və ya vahid elektron kitabxananın yaradılması təklif edilmişdir.
Görüşdə, həmçinin, 2026-cı il üzrə daxili audit sahəsində maarifləndirmə tədbirləri nəzərdən keçirilmişdir. Bu çərçivədə məqsədlə noyabr ayında keçiriləcək X Beynəlxalq Bankçılıq Forumunda (IBF 2026) daxili auditə həsr olunmuş panel müzakirəsinin təşkili ilə bağlı ilkin fikir mübadiləsi aparılmış, panelin mövzusu və əsas müzakirə istiqamətləri ətrafında təkliflər səsləndirilmişdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
