31 oktyabr 2026-cı il tarixində Bakıda “Startup School 4: Beş Qitə – 500 Startap” qlobal innovasiya proqramının final mərhələsi çərçivəsində “Demo Day” tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov iştirak ediblər.
Tədbir çərçivəsində çıxış edən ABA prezidenti Zakir Nuriyev proqramın əhəmiyyətini vurğulayaraq, startapların inkişafı və innovasiya ekosisteminin genişlənməsi baxımından bu cür təşəbbüslərin rolunu qeyd edib. O, proqramın uğurla başa çatması münasibətilə iştirakçıları və təşkilatçıları təbrik edib, qaliblərə mükafatları təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“Beş qitə – 500 startap” şüarı ilə həyata keçirilən proqram Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Danimarka, Misir, Qana, Mərakeş, Madaqaskar, Efiopiya, Birləşmiş Krallıq, Qırğızıstan, Ukrayna, Səudiyyə Ərəbistanı və Uqanda olmaqla 15 ölkəni əhatə edib. Proqrama ümumilikdə 350-yə yaxın startap müraciət edib, onlardan 233-ü iştirak hüququ qazanıb.
Proqram çərçivəsində ABŞ, Malta, Çin, Finlandiya, Türkiyə, Avstraliya, Estoniya, Azərbaycan, Qətər, Pakistan, Hindistan, Efiopiya və Madaqaskardan olan 30-a yaxın təlimçi və mentor prosesə cəlb edilib.
Tədbir çərçivəsində 300-dən çox sahibkar, investor və biznes nümayəndəsi bir araya gəlib. Startaplar öz layihələrini təqdim etmək, potensial tərəfdaşlarla əlaqələr qurmaq və investisiya imkanlarını genişləndirmək fürsəti əldə ediblər.
“Demo Day” proqramı çərçivəsində perspektivli layihələrin təqdimatı, panel müzakirələri, mükafatlandırma və bağlanış mərasimi təşkil olunub. Həmçinin “TEİ Forum 2026” çərçivəsində innovasiya ekosisteminin və biznesin inkişafı istiqamətində beynəlxalq ekspertlərin iştirakı ilə müzakirələr aparılıb.

