ABA rəhbərliyi AMFA-nın 12-ci konfransında iştirak edib

Əlavə edilib:

Bakıda Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə “Mikromaliyyədə investisiya və dayanıqlı inkişaf” mövzusunda 12-ci AMFA Konfransı keçirilib.

Konfransda Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov iştirak ediblər.

Tədbir Azərbaycan mikromaliyyə sektorunun yaradılmasının 30 illiyinə və AMFA-nın fəaliyyətinin 25 illiyinə həsr olunub. Konfrans dövlət qurumlarının, maliyyə institutlarının, beynəlxalq inkişaf tərəfdaşlarının və özəl sektor nümayəndələrinin iştirakı ilə mikromaliyyənin mövcud vəziyyətinin qiymətləndirilməsi və sektorun gələcək inkişaf istiqamətlərinin müzakirəsi üçün platforma rolunu oynayıb.

Konfransda maliyyə inklüzivliyi strategiyaları, mikromaliyyə sahəsində tənzimləyici çərçivələr, investisiya imkanları, sığorta şirkətlərinin maliyyələşmədə rolu, kredit risklərinin idarə edilməsi və portfel keyfiyyəti kimi mövzular müzakirə olunub.

Bununla yanaşı, rəqəmsal mikromaliyyədə kibertəhlükəsizlik, məlumatların qorunması, rəqəmsal transformasiya, süni intellekt və maşın öyrənməsinin kredit qiymətləndirilməsində tətbiqi, eləcə də fintex tərəfdaşlıqları konfransın əsas müzakirə istiqamətləri sırasında yer alıb.

Konfrans maliyyə sektorunda əməkdaşlığın genişləndirilməsi, mikromaliyyə sahəsində investisiya imkanlarının dəyərləndirilməsi və dayanıqlı inkişafın təşviqi baxımından əhəmiyyətli platforma olub.

MÜDDƏT