16 oktyabr 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə əməkdaşlığı çərçivəsində bankların marketinq bölmələrinin rəhbərləri və GIZ/PROGRESS layihəsinin nümayəndələri arasında görüş keçirilib.
Görüş “Şərq Tərəfdaşlığı ölkələrində Yaşıl Kursa hazırlığın təşviqi” (PROGRESS) layihəsi çərçivəsində təşkil olunub.
Görüş zamanı yaşıl və kənd təsərrüfatı maliyyəsi üzrə milli maarifləndirmə kampaniyasının keçirilməsi, bankların təşəbbüsdə iştirakı və kommunikasiya imkanları müzakirə edilib.
Kampaniya çərçivəsində iqlimə davamlı və ekoloji cəhətdən dayanıqlı layihələr həyata keçirən fermerlərin və aqrar müəssisələrin uğur hekayələrinin təqdim olunması nəzərdə tutulur. Hazırlanacaq materialların iştirakçı bankların sosial şəbəkələrində və ABA-nın kommunikasiya kanallarında yayımlanması planlaşdırılır.
Təşəbbüsün əsas məqsədi yaşıl sahibkarlıq barədə məlumatlılığın artırılması və bankların bu sahədəki dəstəyinin ictimaiyyətə çatdırılmasıdır.
