Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib

Əlavə edilib:

12 oktyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə bank sektorunun nümayəndələrinin iştirakı ilə hədəf qrup müzakirəsi keçirilib.

Görüş əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi ilə bağlı 2026-cı il üzrə Tədbirlər Planına uyğun olaraq təşkil edilib.

Müzakirədə müvafiq Komissiyanın və yardımçı işçi qrupun üzvləri, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB), Azərbaycan Banklar Assosiasiyasının (ABA) və 20-yə yaxın bankın təmsilçiləri iştirak ediblər.

Görüşdə əlilliyi olan şəxslərin bank xidmətlərindən rahat və müstəqil şəkildə istifadə imkanları, bank infrastrukturunun fiziki baxımdan əlçatanlığı və rəqəmsal bank xidmətlərinin müyəssərliyi məsələləri müzakirə olunub.

Bununla yanaşı, bank sektorunda əlilliyi olan şəxslər üçün yaradılmış imkanlar, onların maliyyə xidmətlərindən maneəsiz istifadəsinin təmin edilməsi istiqamətində görülən işlər və xidmətlərin əlçatanlığının artırılması ilə bağlı qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

 

MÜDDƏT