15–17 oktyabr 2026-cı il tarixlərində Qazaxıstan Respublikasının “Xorqos” Beynəlxalq Sərhəd Əməkdaşlığı Mərkəzində III Avrasiya Maliyyə-İqtisadi Forumu keçirilib.
Tədbirdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov iştirak edib.
Forum Qazaxıstan Respublikası Banklar Assosiasiyası və Avrasiya Sərhəd Əməkdaşlığı Maliyyə-Biznes Assosiasiyası tərəfindən, Qazaxıstanın Almatı vilayəti və Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Xalq Hökumətinin dəstəyi ilə təşkil olunub.
Forumun əsas məqsədi maliyyə-iqtisadi əməkdaşlığın genişləndirilməsi, beynəlxalq ticarət əlaqələrinin inkişafı, investisiya imkanlarının artırılması, eləcə də bank və biznes strukturları arasında əməkdaşlığın gücləndirilməsi olub.
Forum Avrasiya məkanında maliyyə institutları və biznes nümayəndələri arasında əlaqələrin inkişaf etdirilməsi, transsərhəd əməkdaşlığın genişləndirilməsi və maliyyə sektorunda rəqəmsal transformasiya imkanlarının müzakirəsi baxımından əhəmiyyətli beynəlxalq platforma kimi çıxış edib.
