19 noyabr 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri, ABA-ya üzv bankların təmsilçiləri və Macarıstanın MBH Bankının nümayəndələri arasında görüş keçirilib.
Görüş zamanı bankın çoxsəviyyəli fırıldaqçılığın qarşısının alınması strategiyası barədə məlumat verilib. Bu strategiyanın banklararası məlumatların, müştərilərin əməliyyat tarixçəsinin və istifadə olunan cihazlar səviyyəsində təhlükəsizlik mexanizmlərinin birgə təhlilinə əsaslandığı bildirilib.
Həmçinin Macarıstanda ödəniş sistemlərinin gələcək inkişafı, xüsusilə yeni ani ödəniş sistemi olan “qvik” ətrafında müzakirələr aparılıb. MBH Bank nümayəndələri “qvik” sisteminin Request-to-Pay (ödəniş tələbi) və QR/NFC texnologiyaları vasitəsilə ödəniş ssenarilərinin təhlükəsizlik xüsusiyyətləri barədə məlumat veriblər.
Görüşdə yeni ödəniş həllərinin fırıldaqçılıq risklərinin azaldılmasına verdiyi töhfə, eləcə də ticarət obyektləri üçün ənənəvi kart ödənişləri ilə müqayisədə daha aşağı xərcli alternativlər yaratması məsələləri diqqətə çatdırılıb.
