“Ödəniş sistemləri və alternativ xidmət kanalları” və “İT” üzrə Ekspert Qruplarının iclası keçirilib

Azərbaycan Respublikası Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə ölkədə ödəniş kartlarının istifadəsi üzrə risklərin idarə olunması və bu sahədə fırıldaqçılığa qarşı effektiv mübarizə metodlarının müzakirə edilməsi məqsədilə tədbir keçirilmişdir.

Tədbirdə qeyd olunan qurumların mütəxəssisləri ilə birlikdə, ödəniş kartları üzrə iri emitent və ekvayer şəbəkələrinə malik kommersiya banklarının nümayəndələri, Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə ekspert Qrupu”nun və “İT üzrə ekspert Qrupu”nun mütəxəssisləri iştirak etmişlər. Görüş zamanı Mərkəzi Bank tərəfindən ödəniş kartları ilə əməliyyatlar üzrə baş verən fırıldaqçılıq halları üzrə ölkədə son vəziyyət, bu sahənin tənzimlənməsi istiqamətində mövcud qanunvericilik üzrə tələblər və tövsiyələr barədə məlumat verilmişdir.

Tədbir iştirakçılarına dələduzlar tərəfindən ən son texnologiyalardan istifadə etməklə aparılan fırıldaqçılıq əməliyyatlar, bankomat və digər ödəniş vasitələrinə qeyri-qanuni müdaxilələr və bunun qarşısının alınması üçün tətbiq edilən preventiv tədbirlər üzrə beynəlxalq təcrübə haqda məlumatlar verilmiş, həmçinin bütün banklarda bu sahə üzrə əhatəli, proaktiv və çevik riskləri idarəetmə sisteminin olmasının zəruriliyi diqqətə çatdırılmışdır.

Eyni zamanda tədbirdə xüsusilə vurğulanmışdır ki, ödəniş alətləri vasitəsilə keçirilən əməliyyatlar sahəsində risklərin effektiv və səmərəli idarə olunması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində ölkədə fırıldaqçılıq əməliyyatlarının həcminin tədricən azalması və beynəlxalq kart təşkilatlarının da analitik məlumatları əsasında Azərbaycanın bu sahədə digər ölkələrlə müqayisədə aparıcı yerlər tutduğu qeyd olunmuşdur.

Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının bu istiqamətdə səylərin gücləndirilməsi məqsədilə birgə fəaliyyət göstərməsi razılaşdırılmışdır.

MÜDDƏT