Mərkəzi Bankın sədrindən AZTV-yə eksklüziv müsahibə: məzənnə ilə bağlı vacib açıqlama verib

Əlavə edilib:

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AZTV-yə eksklüziv müsahibə verib.

Sədr bildirib ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin sonuna illik inflyasiyanın 6% civarında olacağını proqnozlaşdırır.

“Bu ilin avqust ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 108% təşkil edib. Yəni əmtəə və xidmətlər 8% bahalaşıb. Bura, həm ərzaq, həm də qeyri-ərzaq malları aiddir. Proqnozlarımız göstərir ki, bu ilin sonuna illik inflyasiya 6% civarında olacaq. Bu da AMB-nin hədəf diapazonununa (4+-2) yaxındır və iqtisadi inkişafımız üçün vacibdir. Bizim əsas məqsədimiz də elə inflyasiyanın idarə edilməsidir”, – deyə o qeyd edib.

Bundan başqa, o, deyib ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının məzənnəsindəki kəskin dəyişikliklərin yerli valyuta bazarına, milli valyutanın – manatın məzənnəsinə birbaşa təsiri yoxdur: “Bizim ticarət tərəfdaşlarımızın milli valyutaları ucuzlaşanda qısa müddətdə, yəni 3-6 aylıq inflyasiyamız azalır. Çünki o ölkələrdən idxal olunan mallar ucuz olur. Ticarət tərəfdaşlarımızın milli valyutalarında ucuzlaşma uzunmüddətli olsa, bu, həmin ölkələrdə inflyasiyanı artıracaq, 3-6 aydan sonra həmin inflyasiya ölkəmizə də idxal olunacaq”.

Sədr, müsahibəsi çərçivəsində bildirib ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 14,9% artaraq 67,5 milyard ABŞ dollarına çatıb.

“O cümlədən, hesabat dövründə AMB-nin valyuta ehtiyatları 4%-dən çox artaraq 9,8 milyard ABŞ dollarına yüksəlib”, – deyə o qeyd edib.

DAHA ƏTRAFLI VİDEO-DA:

MÜDDƏT