23–24 aprel tarixlərində Qazaxıstanın Türküstan şəhərində Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurasının (CBATS) altıncı iclası keçirilib. Tədbir CBATS-ın sədri cənab Alpaslan Çakarın rəhbərliyi ilə Əhməd Yəssəvi Universitetində baş tutub.
İclasda Türkiyə Banklar Birliyinin və digər türkdilli dövlətlərin bank assosiasiyalarının rəhbər şəxsləri, həmçinin Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcraçı direktoru Yunus Abdulov və üzv ölkələrin bank nümayəndələri iştirak ediblər.
Görüş çərçivəsində təşkilatın gələcək fəaliyyət istiqamətləri və əməkdaşlıq imkanları geniş müzakirə olunub. İclas zamanı yeni Baş katibə vəzifənin təhvil verilməsi, müvafiq mövzu üzrə İstanbul şəhərində təcrübə səfərinin təşkili, CBATS üzvləri üçün iki açıq vebinarın keçirilməsi, üzv ölkələrin bank-maliyyə göstəricilərinin toplanması və ümumiləşdirilməsi, nəşrlər və rəsmi internet səhifəsində istifadə olunmaq üçün infoqrafik materialların hazırlanması kimi məsələlər müzakirə olunub.
Bununla yanaşı, növbəti ildə Türkiyənin İstanbul şəhərində genişmiqyaslı konfransın keçirilməsi və həmin konfrans çərçivəsində CBATS-ın 5 illik yubiley toplantısının təşkili barədə qərar qəbul olunub.
İclasda həmçinin türkdilli ölkələr arasında məktəblilər üçün maliyyə savadlılığı müsabiqəsinin keçirilməsi təşəbbüsü dəstəklənib. Layihəyə əsasən, hər üzv ölkədə milli müsabiqə təşkil ediləcək, seçilmiş qaliblər isə İstanbul şəhərində keçiriləcək final mərhələsində iştirak edərək yekun qalib adı uğrunda yarışacaqlar.
Azərbaycan Banklar Assosiasiyası region ölkələri arasında bankçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və maliyyə savadlılığının artırılması istiqamətində beynəlxalq təşəbbüslərdə fəal iştirakını davam etdirir.

