Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, respublikanın Əməkdar hüquqşünası, Bank Ombudsmanı İkram Kərimov vəfat edib

Əlavə edilib:

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, respublikanın Əməkdar hüquqşünası, Bank Ombudsmanı, uzun illər hüquq sisteminin inkişafına mühüm töhfələr vermiş İkram Kərimov 84 yaşında vəfat etmişdir.

İkram Kərimov 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – İstintaq Şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı Şəhər Məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olub. Dəfələrlə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında Dövlət İmtahan Komissiyalarına sədrlik edib. 2017-ci il aprelin 14-dən Azərbaycan Respublikasının Bank Ombudsmanı idi. O, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə 14 yanvar 2019-cu il tarixində Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilərək Kollegiyanın Ağsaqqallar Şurasının sədri seçilib.

İkram Kərimov ömrünü hüququn aliliyinə, ədalət prinsiplərinin qorunmasına, peşəkar hüquqşünas nəslinin formalaşmasına və cəmiyyətə xidmətə həsr etmiş görkəmli hüquqşünaslardan biri idi. Onun zəngin bilik və təcrübəsi, yüksək peşəkarlığı, prinsipial mövqeyi və insanpərvərliyi hüquq ictimaiyyəti və bank sektoru tərəfindən daim böyük ehtiramla qarşılanmışdır.

Azərbaycan Banklar Assosiasiyası və Bank Ombudsmanının Katibliyi adından mərhumun əziz xatirəsini dərin hörmətlə yad edir, ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir, səbir diləyirik.

 

 

MÜDDƏT