Sentyabr ayında Gürcüstanın Tbilisi şəhərində “Swift Payments Forum – Caucasus and Türkiye” tədbiri keçirilib. Forumda Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov, eləcə də Azərbaycan banklarının nümayəndələri iştirak ediblər.
Tədbirdə Qafqaz və Türkiyədə ödəniş ekosisteminin inkişafı, transsərhəd ödənişlərin gələcəyi, rəqəmsallaşma və maliyyə sektorunda yeni texnologiyaların tətbiqi ilə bağlı məsələlər müzakirə olunub.
Forum çərçivəsində keçirilən əsas sessiyalardan biri transsərhəd ödənişlər üçün yeni standartların tətbiqinə həsr olunub. Sessiyada daha sürətli, proqnozlaşdırıla bilən, şəffaf və izlənilə bilən transsərhəd ödənişlərin təmin edilməsi məqsədilə yeni ödəniş sxemləri, vahid qaydalar və idarəetmə çərçivələrinin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Tədbirdə, həmçinin transsərhəd ödənişlər zamanı müştəri təcrübəsinin yaxşılaşdırılması, rəqəmsal ödəniş xidmətlərinin inkişafı, maliyyə institutlarının dayanıqlılığının gücləndirilməsi və yeni tənzimləyici tələblərə uyğunlaşma məsələləri diqqət mərkəzində olub.
Forumun diqqətçəkən mövzularından biri “Swift Ledger” təşəbbüsü olub. Bu çərçivədə Swift-in infrastruktur, standartlar və ekspertizasını genişləndirməklə tokenləşdirilmiş maliyyə mühitinin formalaşmasına və gələcəkdə rəqəmsal aktivlərin hərəkəti üçün yeni imkanların yaradılmasına dair yanaşmaları təqdim edilib.
Bununla yanaşı, ödənişlərin gələcəyində real vaxt rejimində və 24/7 fəaliyyət göstərən rəqəmsal ödəniş sistemlərinin rolu müzakirə olunub. Sessiyada rəqəmsal aktivlər, real vaxt rejimində emal və proqramlaşdırıla bilən maliyyə axınlarının ödəniş sistemlərinin inkişafına mümkün təsirləri ətrafında fikir mübadiləsi aparılıb.
Forum çərçivəsində, həmçinin Qafqaz və Türkiyə regionunda ödəniş ekosisteminin gələcək inkişaf perspektivləri, transsərhəd ödənişlərin səmərəliliyinin artırılması və rəqəmsal maliyyə infrastrukturunun inkişafı ilə bağlı məsələlər nəzərdən keçirilib.
Qeyd edək ki, tədbirin gündəliyində transsərhəd ödənişlər, rəqəmsal müştəri təcrübəsi, ödənişlərdə dayanıqlılıq və interoperabellik, tokenləşdirilmiş aktivlər, real vaxt rejimində 24/7 ödənişlər və proqramlaşdırıla bilən maliyyə axınları əsas mövzular sırasında yer alıb.

