16 oktyabr 2026-cı il tarixində Bakıda Azərbaycan Beynəlxalq Bankının (ABB) təşkilatçılığı və Mastercard şirkətinin tərəfdaşlıq dəstəyi ilə “reTHINK RISK: Beyond the Boundaries” mövzusunda Beynəlxalq Risk Forumu keçirilib.
Forumda Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev iştirak edərək tədbirin açılış sessiyasında çıxış edib. Açılış sessiyasında, həmçinin ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev çıxış ediblər.
Beynəlxalq Risk Forumu çərçivəsində qlobal risk mühitində baş verən dəyişikliklər, geosiyasi və makroiqtisadi çağırışların maliyyə sektoruna təsirləri, süni intellektin tətbiqi, kibertəhlükəsizlik, maliyyə dələduzluğu ilə mübarizə və əməliyyat dayanıqlılığının gücləndirilməsi kimi aktual məsələlər ətrafında müzakirələr aparılıb.
Forum maliyyə sektorunda risklərin effektiv idarə olunması, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və müasir risk idarəetmə yanaşmalarının təşviqi baxımından mühüm fikir mübadiləsi platforması kimi çıxış edib.
