17 noyabr tarixində OTP Bank və Visa nümayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) və yerli bankların nümayəndələri iştirak ediblər.
OTP Bank ilə keçirilən görüşdə fırıldaqçılığın qarşısının alınması, aşkarlanması və idarə olunması sahəsində bankın təcrübəsi və yanaşmaları müzakirə olunub. Əməliyyatların monitorinqi, şübhəli fəaliyyətlərin müəyyənləşdirilməsi, əməliyyat limitləri, müştəri davranışlarının təhlili, yanlış pozitiv siqnalların azaldılması və süni intellekt əsaslı həllərin tətbiqi məsələlərinə toxunulub.
Visa nümayəndələri ilə görüşdə şirkətin bazardakı mövqeyi və ödəniş ekosistemində təhlükəsizlik məsələləri nəzərdən keçirilib. Həmçinin ödəniş təhlükəsizliyi, fırıldaqçılıq üzrə yeni tendensiyalar, elektron ticarət sahəsində yaranan risklər və ödəniş sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Visa-nın yanaşmaları barədə məlumat verilib.
