24–25 noyabr 2026-cı il tarixlərində Bakıda regionun ən iri maliyyə və bankçılıq tədbirlərindən biri olan X Beynəlxalq Bankçılıq Forumu (IBF 2026) “Etibarlı, təhlükəsiz və davamlı bankçılıq və texnologiyalar” mövzusunda keçirilir.
Forum Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə baş tutur.
Bu il onuncu dəfə təşkil olunan Forum maliyyə və bankçılıq sektorunun aparıcı nümayəndələrini bir araya gətirərək sektorun strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, innovativ texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bilik və təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayır.
IBF 2026 rəqəmlərlə:
* 1 500 iştirakçı;
* 8 panel müzakirəsi;
* 51 spiker;
* 2 beynəlxalq yan tədbir.
Azərbaycanda fəaliyyət göstərən bütün bankların rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə və bankçılıq tədbiri olan IBF yerli və xarici tənzimləyici qurumların, bankların, fintex və texnologiya şirkətlərinin, bank assosiasiyalarının, beynəlxalq maliyyə institutlarının, diplomatik nümayəndəliklərin, akademik dairələrin və qərarvericilərin iştirakı ilə keçirilir.
Maliyyə sektorunun strateji inkişaf istiqamətləri diqqət mərkəzində
Forumun gündəliyində qlobal maliyyə ekosisteminin transformasiyasını şərtləndirən aktual mövzular xüsusi yer tutur.
Panel müzakirələri çərçivəsində süni intellektin maliyyə sektorunda tətbiqi, rəqəmsal transformasiya, innovativ ödəniş texnologiyaları, ani və transsərhəd ödənişlər, açıq bankçılıq və açıq maliyyə, kiberdayanıqlılıq və maliyyə dələduzluğu ilə mübarizə, alternativ maliyyələşdirmə və dövlət dəstəyi mexanizmləri, dayanıqlı maliyyə, eləcə də süni intellekt dövründə etimad, şəffaflıq və effektiv kommunikasiya məsələləri müzakirə olunur.
Beynəlxalq maliyyə əməkdaşlığının genişləndirilməsi
IBF 2026-nın əsas proqramı ilə yanaşı, iki mühüm beynəlxalq yan tədbir də təşkil edilib.
Beynəlxalq Bankçılıq Şurasının (BBŞ) qapalı iclası lokal ödəniş platformalarının və rəqəmsal ödəniş infrastrukturunun inkişafına həsr olunub. İclas çərçivəsində iştirakçı ölkələrin ani ödəniş sistemləri, QR kod vasitəsilə ödənişlər və milli ödəniş həllərinin tətbiqi üzrə təcrübələri, həmçinin bu sistemlərin gələcək inkişafı və transsərhəd inteqrasiyası perspektivləri müzakirə edilib.
Asiya Maliyyə Əməkdaşlığı Assosiasiyası (AFCA) və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsində maliyyə sektorunun rolu” mövzusunda tematik simpozium keçirilib. Simpoziumda süni intellekt sahəsində beynəlxalq maliyyə əməkdaşlığının inkişaf istiqamətləri, süni intellekt əsaslı rəqəmsal maliyyə transformasiyası və risklərin idarə edilməsi üzrə təcrübələr diqqət mərkəzində olub.
Yeni institusional tərəfdaşlıqlar
Forum çərçivəsində Azərbaycan Banklar Assosiasiyası ilə Tacikistan Banklar Assosiasiyası və Mərkəzi Asiya Fintex Assosiasiyası arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.
İmzalanan sənədlər regional maliyyə əməkdaşlığının genişləndirilməsi, institusional əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin inkişafı baxımından əhəmiyyət daşıyır.
Beynəlxalq nümayəndə heyətlərinin geniş iştirakı, institusional və ikitərəfli görüşlər, innovativ məhsul və texnoloji həllərin nümayişi, eləcə də yeni işgüzar əlaqələrin qurulması üçün yaradılan imkanlar IBF 2026-nın regional və qlobal maliyyə ekosistemində əhəmiyyətini daha da artırır.
Onuncu yubiley buraxılışı ilə Beynəlxalq Bankçılıq Forumu maliyyə sektorunda innovasiyaların təşviqi, beynəlxalq tərəfdaşlıqların inkişafı və dayanıqlı bankçılıq ekosisteminin formalaşdırılması istiqamətində aparıcı beynəlxalq dialoq platforması kimi mövqeyini daha da möhkəmləndirir.

















