“Gənclər üçün Maliyyə Savadlılığı Proqramı”nın təqdimat mərasimi keçirilib!

Əlavə edilib:

Noyabrın 25-də Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Gənclər üçün Maliyyə Savadlılığı Proqramı”nın rəsmi təqdimat mərasimi baş tutub.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və Milli Məclisin deputatı Müşfiq Cəfərov çıxış ediblər. Çıxışlarda bu təşəbbüsün gənclərin maliyyə sektorundakı yeniliklər və müasir tendensiyalar barədə məlumatlılığının artırılmasına, maliyyə resurslarından səmərəli və məqsədyönlü istifadə bacarıqlarının inkişaf etdirilməsinə, eləcə də məsuliyyətli maliyyə davranışlarının formalaşdırılmasına xidmət edəcəyi vurğulanıb.

Daha sonra Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov proqramın məqsədi, strateji əsasları, hədəf qrupları, icra mexanizmi və gözlənilən nəticələri barədə ətraflı məlumat verib.

Qeyd edək ki, proqram çərçivəsində gənclər şəxsi büdcənin planlaşdırılması və idarə olunması, yığım vərdişləri, rəqəmsal bankçılıq xidmətləri, investisiya imkanları və maliyyə istehlakçılarının hüquqları üzrə praktiki biliklər əldə edəcəklər.

      

MÜDDƏT