ABA nəzdində fəaliyyət göstərəcək “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun ilk iclası keçirilmişdir

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində daimi əsasda fəaliyyət göstərəcək “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu” yaradılmış və 30 mart 2023-cü il tarixində Ekspert Qrupunun ilk iclası keçirilmişdir. Qrupun yaradılmasında məqsəd bu sahədə Mərkəzi Bank, ABA, Bank Ombudsmanı və Mediasiya Şurası arasında daha da sıx qarşılıqlı əlaqələrin qurulması, daxil olan şikayətlərin baxılması, statistikası, təhlili və müsbət həllinin tapılması istiqamətində təkliflərin müzakirəsi, beynəlxalq təcrübələrin öyrənilməsi və vahid yanaşmaların tətbiqinin təşkilidir.

Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələrinin də iştirak etdiyi iclasda Ekspert Qrupu tərəfindən görüləcək işlər, qarşıya qoyulan məqsədlər müzakirə edilmiş, fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılmışdır. İclasda istehlakçıların rahat şəkildə müraciət etmələri üçün şəraitin yaradılması, müştəri məmnuniyyətinin təmini, onların şikayətlərinə baxılması və onların müsbət həlli, həmçinin mübahisələrin məhkəmədən kənar qaydada Bank Ombudsmanı və mediasiya vasitəsilə həlli istiqamətində fəaliyyətin təşkilinin əhəmiyyəti qeyd edilmiş, banklarda bu sahədə zəruri tədbirlərin görülməsinin vacibliyi bildirilmişdir. İclasda, eyni zamanda Mərkəzi Bank, ABA və Mediasiya Şurasının nümayəndələrindən ibarət Maliyyə Mübahisələri Komitəsinin üzvləri də iştirak etmiş, mübahisələrin alternativ həlli yollarından biri kimi mediasiyanın əhəmiyyəti barədə məlumat verilmişdir. Tədbirin sonunda bankların nümayəndələrini və mediatorları maraqlandıran suallara Mərkəzi Bank və ABA nümayəndələri cavablandırmışdırlar.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT