ABA-nın sədri Zakir Nuriyev “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı” tədbirində çıxış edib

Əlavə edilib:

13 oktyabr 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin sədri Zakir Nuriyev Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə keçirilən “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı” tədbirində iştirak edib.

Tədbir çərçivəsində çıxış edən Zakir Nuriyev rəqəmsal ödənişlərin inkişafı, maliyyə infrastrukturlarının inteqrasiyası və banklarla fintex şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində prioritetləri diqqətə çatdırıb.

ABA sədri qeyd edib ki, türkdilli dövlətlər arasında rəqəmsal ödəniş sahəsində əməkdaşlığın inkişafı qarşılıqlı ticarət və turizm əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, əsas strateji vəzifələrdən biri ölkələr arasında maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyasını daha da dərinləşdirməkdir.

Zakir Nuriyev bildirib ki, məqsəd yalnız ödəniş sistemləri arasında texniki əlaqələrin qurulması deyil, həm də fiziki şəxslər və biznes subyektləri üçün sərhədlərarası maliyyə əməliyyatlarının daha rahat, sürətli, təhlükəsiz və aşağı xərclərlə həyata keçirilməsinə imkan yaradan mühit formalaşdırmaqdır.

O vurğulayıb ki, maliyyə infrastrukturlarının inteqrasiyası sərhədlərarası ödəniş və köçürmələrin səmərəliliyini artırmaqla yanaşı, maliyyə xidmətlərinə çıxışı asanlaşdıracaq, əməliyyat xərclərini azaldacaq, həmçinin ölkələr arasında ticarət və investisiya əlaqələrinin güclənməsinə töhfə verəcək.

ABA sədri bu istiqamətdə ödəniş sistemlərinin araşdırılmasının, tənzimləyici yanaşmaların yaxınlaşdırılmasının və müştəri hüquqlarının qorunması sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. O, birgə pilot layihələrin həyata keçirilməsini və mövcud infrastruktur imkanlarından daha səmərəli istifadə üzrə əməkdaşlığın genişləndirilməsini də vacib hesab etdiyini bildirib.

Çıxış zamanı Azərbaycanda nağdsız ödənişlərin inkişafı ilə bağlı göstəricilərə də toxunulub. Zakir Nuriyev bildirib ki, 2025-ci ildə qeydə alınmış nağdsız ödənişlərin artım tendensiyası 2026-cı ildə də davam edir.

Onun sözlərinə görə, 2026-cı ilin ilk altı ayının nəticələrinə əsasən, nağdsız ödənişlərin həcmi 53,1 milyard manata çatıb. Bu göstərici ilin yekununda ötən il qeydə alınmış rekord nəticənin yenilənəcəyinə işarə edir.

ABA sədri nağdsız ödənişlərin genişləndirilməsinin ölkədə nağdsız iqtisadiyyatın inkişafı baxımından əsas prioritetlərdən biri olaraq qaldığını vurğulayıb. O bildirib ki, növbəti mərhələdə Ani Ödənişlər Sistemindən və digər rəqəmsal həllərdən istifadənin genişləndirilməsi, eləcə də açıq bankçılığın inkişafı xüsusi əhəmiyyət kəsb edəcək.

Zakir Nuriyev banklarla fintex şirkətləri arasında əməkdaşlığın yeni maliyyə xidmətlərinin inkişafı üçün geniş imkanlar yaratdığını qeyd edib. Onun fikrincə, bankların infrastruktur və müştəri bazası ilə fintex şirkətlərinin texnoloji imkanlarının birləşdirilməsi innovativ xidmətlərin daha geniş auditoriyaya çatdırılmasına şərait yaradacaq.

ABA sədri bildirib ki, bu əməkdaşlığın əsas nəticəsi vətəndaşlar üçün daha rahat maliyyə xidmətlərinin, sahibkarlar üçün isə ödənişlərin daha sərfəli qəbul edilməsi imkanlarının yaradılması olmalıdır.

MÜDDƏT