4 noyabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Almaniyaya işgüzar səfəri çərçivəsində ikinci görüşünü Almaniya Banklar Assosiasiyasında (Bundesverband deutscher Banken – BdB) keçirib.
Görüşdə Azərbaycan Banklar Assosiasiyasının prezidenti cənab Zakir Nuriyev və icraçı direktor cənab Yunus Abdulov, eləcə də BdB-nin İcraçı direktoru cənab Heiner Herkenhoff, İcraedici Şuranın üzvü Kolja Gabriel və digər nümayəndələr iştirak ediblər.
Tərəflər görüş zamanı “Rəqəmsal maliyyə: süni intellekt, stabilkoinlər və kvant strategiyası”, “Ödəniş xidmətləri: Rəqəmsal avro və Avropa banklarının təşəbbüsləri” və “Kibertəhlükəsizlik və fırıldaqçılığın qarşısının alınması” kimi aktual istiqamətlər üzrə fikir mübadiləsi aparıblar.
Müzakirələr çərçivəsində bank sektorunda rəqəmsallaşma proseslərinin sürətləndirilməsi, innovativ həllərin tətbiqi, ödəniş sistemlərinin inkişafı və dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması məsələlərinə xüsusi diqqət yetirilib.
ABA nümayəndə heyətinin Almaniyada keçirdiyi bu görüşlər beynəlxalq bankçılıq təcrübəsinin öyrənilməsi, tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və yerli bank sektorunda qabaqcıl təcrübələrin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.




