Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Tbilisi Finance Summit-də iştirak edib

Əlavə edilib:

27 oktyabr 2026-cı il tarixində Gürcüstanın Tbilisi şəhərində “GFTN Tbilisi Finance Summit” tədbiri keçirilib. Tədbirdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov iştirak edib.

Sammitdə maliyyə sektorunun inkişafı, rəqəmsal maliyyə həlləri, beynəlxalq ödəniş sistemləri və transsərhəd maliyyə əlaqələrinin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Tədbirin əsas diqqət mərkəzində Orta Dəhliz boyunca ticarət və investisiya əlaqələrinin inkişafı, bu prosesləri dəstəkləyən maliyyə infrastrukturunun gücləndirilməsi, eləcə də kapital axınlarının daha sürətli, əlaqələndirilmiş və etibarlı şəkildə həyata keçirilməsi dayanıb.

Sammit çərçivəsində siyasət, maliyyə və texnologiya sahələrinin qarşılıqlı əlaqəsi, rəqəmsal aktivlərin tənzimlənməsi, stabilkoinlər üzrə tənzimləyici çərçivələrin formalaşdırılması, rəqəmsal lari layihəsinin inkişafı və transsərhəd rəqəmsal identifikasiya mexanizmləri kimi aktual istiqamətlər ön plana çıxıb.

Gürcüstanın maliyyə sektorunda həyata keçirilən rəqəmsallaşma təşəbbüsləri və beynəlxalq maliyyə əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlər regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə sammit maliyyə institutları, tənzimləyici qurumlar və digər tərəfdaşlar arasında təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının müzakirəsi üçün platforma rolunu oynayıb.

MÜDDƏT