“Marketinq və PR üzrə” Ekspert Qrupu və Mərkəzi Bank nümayəndələri arasında görüş keçirilib

26 oktyabr  2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketinq və PR üzrə” Ekspert Qrupu ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) arasında görüş keçirilib.

Görüşdə “2018–2020-ci  illərdə  Azərbaycan  Respublikasında  rəqəmsal  ödənişlərin genişləndirilməsi  üzrə  Dövlət  Proqramı”nda qoyulan tapşırıqlar çərçivəsində bank məhsul və xidmətlərində rəqəmsallaşmanın, o cümlədən bu istiqamətdə təşviqedici tarif siyasətinin formalaşdırılması üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının  nümayəndələri ilə müzakirə aparılıb.

Müzakirə zamanı Mərkəzi Bankın nümayəndəsi – Emil Rüstəmov tərəfindən bankların tariflərinin rəqəmsal cəhətdən hansı səviyyədə olması haqqında təqdimat göstərilib. Təqdimatda bankların saytlarında yerləşdirilmiş tarif məlumatlarının adi müştəri və ya sahibkarlar üçün nə dərəcədə əlçatan olması və bu məlumatlarda rəqəmsallaşmanın təşviq olunması üzrə müzakirələr aparılıb, tövsiyələr verilib.

Sonda Ekspert Qrupunun üzvlərinin fikirləri dinlənilib və bu istiqamətdə görüləcək tədbirlər razılaşdırılıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT