2 iyun 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə CTM 360 şirkəti tərəfindən “Kibertəhlükəsizlik çərçivəsində yeni və radikal yanaşmalar, cari və gələcək risklər” mövzusunda tədbir təşkil edilmişdir.
“CTM360 – Xarici Hücum Səthinin İdarəedilməsi (EASM), Rəqəmsal Risklərin Qorunması (DRP), Kiber Təhdid Kəşfiyyatı (CTI), Brend Qorunması və Anti-phishing tədbirləri, Açıq, Dərin və Qaranlıq Veb monitorinqi, Təhlükəsizlik Reytinqləri, Üçüncü Tərəf Risklərinin İdarəolunması və Limitsiz Məzmunun Silinməsi (Takedown) kimi xidmətləri bir arada təqdim edən vahid xarici təhlükəsizlik platformasıdır.”
Tədbir çərçivəsində CTM 360 şirkətinin təsisçisi və baş icraçı direktoru Mirza Asrar Baig tərəfindən Azərbaycanda biznes nümayəndələri və fərdi şəxslərə təsir göstərə biləcək kibercinayətkarlıq taktikaları, 2025-ci il üzrə fırıldaqçılıq meyilləri ilə bağlı proqnozlar, eləcə də bu halların qarşısının alınması üçün görülən tədbirlər barədə fikir mübadiləsi aparılmışdır.
Tədbirin məqsədi kibertəhlükəsizlik sahəsində qlobal yanaşmalar və müasir risklər barədə məlumatlılığı artırmaq, iştirakçılara bu istiqamətdə qabaqlayıcı tədbirlərin vacibliyini çatdırmaq olmuşdur.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.
Ətraflı məlumat üçün: https://www.ctm360.com/